ABŞ-nin bu ştatında Ramazan və Qurban bayramı rəsmiləşdi – Tarixi qərar

ABŞ-nin ən böyük ştatlarından biri olan Kaliforniyada müsəlman icması üçün mühüm qərar qəbul edilib.

Referans Media xəbər verir ki, Ramazan və Qurban bayramları ştat qanunvericiliyində rəsmi bayram statusu alıb.

Kaliforniya qubernatoru Gavin Newsom sentyabrın 27-də AB 2017 saylı qanun layihəsini imzalayıb. Bununla Ramazan ayının başa çatmasını bildirən Eid al-Fitr – Ramazan bayramı və Eid al-Adha – Qurban bayramı Kaliforniyanın rəsmi ştat bayramları siyahısına əlavə olunub.

Qanun layihəsinin müəllifi San-Fransiskonu təmsil edən Kaliforniya Assambleyasının üzvü Matt Haneydir. Sənəd hələ may ayında ştat Assambleyasında böyük səs çoxluğu ilə – 64 lehinə, cəmi 1 əleyhinə səslə qəbul edilmişdi. Daha sonra Senatdan keçən sənəd qubernatorun imzasına təqdim olunub.

Yeni qanunun mühüm cəhətlərindən biri müsəlmanların dini bayramlarını qeyd etməsi üçün hüquqi imkanların genişləndirilməsidir. Dövlət məktəbləri və icma kollecləri yerli qaydalar və razılaşmalar əsasında Ramazan və Qurban bayramlarında bağlana biləcək. Dövlət və məktəb əməkdaşları isə mövcud şəxsi bayram krediti və ya məzuniyyət imkanlarından istifadə edərək həmin günləri qeyd edə biləcəklər.

Qanuna əsasən, Ramazan bayramı İslam hicri təqvimi ilə Şəvval ayının birinci günü, Qurban bayramı isə Zilhiccə ayının 10-cu günü kimi tanınır. Buna görə bayramların Qriqorian təqvimindəki tarixləri hər il dəyişəcək.

Kaliforniya bununla ABŞ-da bu iki böyük İslam bayramını ştat səviyyəsində tanıyan ştatlardan birinə çevrilib. Vaşinqton ştatı 2025-ci ildə Ramazan və Qurban bayramlarını tanıyan ilk ştat olmuşdu./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki