Qarşıdakı qışla bağlı ilkin proqnozlar artıq açıqlanıb. Bəzi regionlarda qışın sərt keçəcəyi bildirilir.
Referans Media xəbər verir ki, beynəlxalq meteorologiya mərkəzlərinin ilkin qiymətləndirmələrində 2026–2027-ci illərin qış mövsümündə bir sıra ərazilərdə temperaturun kəskin dəyişməsi, güclü qar və şaxtalı günlərin artması ehtimalı diqqətə çatdırılır. Xüsusilə atmosferdə baş verən proseslərin Şimal yarımkürəsində soyuq hava kütlələrinin hərəkətinə təsir göstərə biləcəyi qeyd olunur.
Dünyanın müxtəlif regionlarında qış mövsümünün hava şəraitinin fərqli ssenarilərlə keçəcəyi ehtimal olunur. Şimali Amerikanın bəzi ərazilərində, xüsusilə Kanada və ABŞ-ın şimal bölgələrində temperaturun kəskin aşağı düşməsi və güclü qar yağması mümkündür.
Avropada isə qışın ayrı-ayrı mərhələlərində hava şəraitinin dəyişkən olacağı bildirilir. Soyuq hava kütlələrinin şimaldan cənuba doğru hərəkəti bəzi ölkələrdə temperaturun kəskin enməsinə və qarlı günlərin artmasına səbəb ola bilər.
Asiya ölkələrində də qış mövsümündə sərt şaxtaların müşahidə olunması ehtimalı nəzərdən keçirilir. Xüsusilə Rusiya və Mərkəzi Asiyanın bəzi ərazilərində temperaturun əhəmiyyətli dərəcədə aşağı düşməsi mümkündür.
Meteoroloqların diqqət çəkdiyi əsas məsələlərdən biri də Şimal qütbündəki Polyar Burulğanın (Polar Vortex) vəziyyətidir. Bu atmosfer sistemi zəiflədikdə qütb bölgəsindəki soyuq hava kütlələrinin daha cənub enliklərinə doğru hərəkəti üçün şərait yarana bilər. Belə proseslər bəzi regionlarda kəskin temperatur enmələri, güclü qar və digər ekstremal hava hadisələri ilə nəticələnə bilər.
Bəs regionumuzda vəziyyət necə olacaq?
Qafqaz regionunda, o cümlədən Azərbaycanda qışın ümumilikdə iqlim normasına yaxın keçməsi ehtimal edilir. Bununla belə, hava şəraitinin dəyişkən olması mümkündür. Şimaldan daxil olan arktik hava kütlələri ayrı-ayrı dövrlərdə temperaturun kəskin aşağı düşməsinə, şaxtalı və qarlı günlərin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli hava proqnozları ehtimallara əsaslanır. Buna görə də qarşıdakı qışın bütün dövrü üçün dəqiq hava ssenarisini indidən müəyyənləşdirmək mümkün deyil. Daha konkret göstəricilər mövsüm yaxınlaşdıqca və yeni meteoroloji məlumatlar əldə olunduqca formalaşacaq./Musavat.com
