“Fənərbaxça” sanki yenidən doğulub. Mövsümün əvvəlində PSJ-dən transfer edilən Marko Asensio sarı-lacivərtlilərin oyununa tamamilə yeni nəfəs gətirib. İspan ulduz həm vurduğu möhtəşəm qollar, həm də incə ötürmələri ilə klubun unudulmaz kapitanı Aleks de Souzanı xatırladır.
Referans Media xəbər verir ki, Kocaelispor səfərində cərimə meydançası xaricindən vurduğu möhtəşəm qolla oyunun taleyini dəyişən Asensio, “Gənclərbirliyi” ilə matçda isə topuq ötürməsi ilə Kerem Aktürkoğluna ideal assist etdi. Bu epizod azarkeşlərin yaddaşında illər əvvəl Aleksin “Şalke”yə qarşı Appiaha verdiyi ötürməni canlandırdı.
“Fənərbaxça”nın çempionluğa yürüş etdiyi illərdə Aleks necə həlledici anlarda səhnəyə çıxırdısa, Asensio da eyni rolu üzərinə götürür.
Kritik məqamlarda məsuliyyəti öz üzərinə alan 30 yaşlı futbolçu vurduğu qollar və yaratdığı imkanlarla komandanın əsas aparıcı fiquruna çevrilib.
