Son olaraq 1-ci Liqa təmsilçisi Amedsporu çalışdıran təcrübəli mütəxəssis Ersun Yanal sosial şəbəkə paylaşımı ilə futbol ictimaiyyətində böyük maraq yaradıb.
Referans Media xəbər verir ki, bir müddətdir komandadan uzaq qalan Yanal yayımladığı videoda futbola olan sevgisindən və yaşıl meydanlara qayıtmaq arzusundan danışıb.
Təcrübəli çalışdırıcı paylaşımında bildirib ki, futbol onun üçün sadəcə peşə deyil, həyatının ayrılmaz hissəsidir:
“Bəzi şeylər zaman keçdikcə iş olmaqdan çıxır və xarakterinizin bir hissəsinə çevrilir. Futbol da mənim üçün belədir. Nə qədər uzaq qalsanız da, bir müddət sonra sizi yenidən özünə çəkir. Yaxın zamanda bu ehtirasa qayıtmaq mənim üçün çox gözəl olacaq”.
Bu açıqlama Türkiyə futbolunda yeni müzakirələrə səbəb olub. Xüsusilə, vaxtilə "Fənərbaxça" klubunu çempionluğa daşıyan Ersun Yanalın yenidən Superliqada işləyəcəyi ilə bağlı iddialar güclənib.
Türkiyə mətbuatında təcrübəli mütəxəssisin adı artıq bir neçə Superliqa klubu ilə yanaşı hallandırılır. Bununla belə, Yanalın hansı komandaya rəhbərlik edəcəyi hələlik məlum deyil.
Futbol camiəsində isə ümumi fikir belədir: Ersun Yanalın paylaşımı sadəcə nostalji deyil, yaxın zamanda məşqçi karyerasında yeni səhifənin açılacağının açıq mesajıdır.
