DİQQƏT! Bu yollar hər an can ala bilər: Qəza xəritəsindəki 'qara nöqtələr' haradır?

Azərbaycanda son vaxtlar ağır yol qəzalarının sayının artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mütəxəssislər hesab edir ki, problemin həlli üçün yalnız cərimələri artırmaq kifayət etmir, yol infrastrukturu və təhlükəsizlik tədbirləri də təkmilləşdirilməlidir.

Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, qəzalar dünyanın hər yerində baş verir, əsas məsələ isə onların hansı nəticə ilə yekunlaşmasıdır:

“Ümumiyyətlə, qəzalar dünyanın hər yerində baş verir. Əsas məsələ odur ki, qəzanın nəticəsi nədir – maddi ziyan, yüngül xəsarət, yoxsa ölüm? Əgər Azərbaycanda ölümlə nəticələnən qəzaların sayı çoxdursa, tərəddüd etmədən sürəti azaldan həllər tətbiq olunmalıdır.

Şəhər mühitində, yaşayış məntəqələrinin daxilində və eyni səviyyəli keçidlərdə təhlükəsizlik adacıqları yaradılmalı, zolaqlar ensizləşdirilməli, kontrast işıqlandırma tətbiq olunmalıdır. Məktəb, bağça, poliklinika və xəstəxanaların yaxınlığında “Berlin yastığı” kimi sürəti azaldan həllərə ehtiyac var.

Ümumiyyətlə, qəza xəritəsi formalaşdırılmalıdır ki, qəzaların dəqiq koordinatları müəyyən edilsin və həmin ərazilərdə təhlükəsizliklə bağlı infrastruktur təkmilləşdirilsin.

Eyni zamanda, piyada infrastrukturu ciddi şəkildə təftiş olunmalıdır. Piyada səkilərinin davamlılığı təmin edilməli, işıqlandırma gücləndirilməli, keçidlərin sayı artırılmalıdır. Şəhər daxilində eyni səviyyəli zebra və svetoforlu keçidlərə üstünlük verilməli, şəhərətrafı sürətli yollarda isə müxtəlif səviyyəli keçidlər yaradılmalıdır. Bu keçidlər hər kəs üçün əlçatan olmalı, xüsusilə azmobilli şəxslər və mikromobillik vasitələrindən istifadə edənlər nəzərə alınmalıdır. Pilləsiz keçidlərin sayı artırılmalıdır.

Bu elementlərə ciddi diqqət yetirilməsi sonda ölümlə nəticələnən qəzaların sayına ciddi təsir göstərəcək. Biz ən dəyərli olan insan həyatını qorumaq üçün təhlükəsizlik tədbirlərini artırmalıyıq. Təkcə cərimələri artırmaq və ya sürət həddini nişanla azaltmaq kifayət deyil.

Bu sahədə daha geniş və sistemli təkmilləşdirmələrə ehtiyac var”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki