Bakıda ictimai nəqliyyatda gedişhaqqı 1 manat olacaq? – İqtisadçıdan açıqlama Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı iddialar səslənməkdədir. Rəsmi orqanlar tərəfindən hələlik bu barədə heç bir açıqlama verilməsə də, bəzi mənbələrdə qiymət artımının 40-50 qəpik həddində ola biləcəyi qeyd olunur. Gediş haqqının 1 manata çatacağı ilə bağlı ehtimallar isə ictimaiyyətin narahatlığına səbəb olub.
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimli Referans-a açıqlamasında bildirib ki, gedişhaqqının müəyyən olunması Tarif Şurasının səlahiyyətindədir və bu barədə qərarı yalnız aidiyyəti qurumlar verə bilər. Onun sözlərinə görə, ictimai nəqliyyatın saxlanması və idarə edilməsi kifayət qədər böyük xərclər tələb edir. Eyni zamanda, bu sahədə çalışan özəl daşıyıcılar da xidmətin dayanıqlılığını qorumağa çalışırlar.
Fuad İbrahimli onu da deyib ki, bu məsələdə yekun qərarı Tarif Şurası verir. Qaldırılıb-qaldırılmaması onların mülahizəsindən asılıdır. Amma qeyd etmək lazımdır ki, ictimai nəqliyyatın kifayət qədər xərcləri var və bu sahədə çalışanlar çalışırlar ki, xidmətin qiyməti sabit qalsın.” O əlavə edib ki, əgər gediş haqqı 1 manata qədər artırılsa, bu, xüsusilə aşağı gəlirli əhali təbəqəsi üçün ciddi sosial çətinliklər yarada bilər: “Hazırda Azərbaycanda minimum əmək haqqı 400 manatdır. Bu gəlirlə yaşayan vətəndaş gündəlik 2 manat (gediş-gəliş) ödəsə, ayda 20 iş günü üzrə 40 manat xərcləyəcək. Bu isə onun maaşının 10 faizidir. Minimum əməkhaqqı alan bir insanın maaşının 10%-ni təkcə nəqliyyata xərcləməsi normal deyil. Bu, sosial baxımdan anormal bir vəziyyət yaradar.” İqtisadçı əlavə edib ki, bu cür qərarlar qəbul edilərkən sosial ədalət, alıcılıq qabiliyyəti və əhalinin real gəlirləri nəzərə alınmalıdır.
”Sadə riyazi hesablamalar göstərir ki, bu yük əhalinin çiynində əlavə iqtisadi təzyiq yaradacaq. Hər kəsin demək olar ki, həftəsonları da işlədiyi reallıqda nəqliyyat xərclərinin artması əhalini daha da çətin vəziyyətə sala bilər. Bu addımın atılmaması daha məqsədəuyğundur”, – deyə ekspert əlavə edib.
Qeyd edək ki, rəsmi qurumlar – nə Tarif (qiymət) Şurası, nə Bakı Nəqliyyat Agentliyi, nə də Nəqliyyat Nazirliyi bu iddialarla bağlı hələlik hər hansı açıqlama yaymayıb. Lakin ictimai müzakirələrin intensivliyi göstərir ki, məsələ yaxın günlərdə gündəmin əsas mövzularından biri olacaq. Gülgəz Qədirova Referans
