Dünya bu 3 ssenari ilə ÇALXALANIR

ABŞ-nin İrana qarşı 3 əsas ssenarisi var.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla bağlı gələcək siyasətindən danışarkən bildirib.

Nazirin sözlərinə görə, birinci variant Tehranla yeni razılaşmanın əldə olunmasıdır. Vaşinqton hesab edir ki, diplomatik danışıqlar yolu ilə əldə ediləcək mümkün anlaşma regionda gərginliyin azaldılmasına və iki ölkə arasında mövcud problemlərin müəyyən qədər həllinə şərait yarada bilər.

"İkinci ssenari isə razılaşma baş tutmasa belə, İrana qarşı iqtisadi təzyiqlərin və blokada siyasətinin davam etdirilməsini nəzərdə tutur. ABŞ bu yolla Tehranı siyasi və iqtisadi güzəştlərə məcbur etməyə çalışır", - deyə nazir vurğulayıb.

Bessent qeyd edib ki, üçüncü variant yenidən kinetik, yəni hərbi xarakterli addımlara qayıtmaqdır. Onun sözlərinə görə, əgər diplomatik və iqtisadi vasitələr nəticə verməzsə, Vaşinqtonun gündəmində daha sərt tədbirlər də yer ala bilər.

ABŞ rəsmisi hazırda həyata keçirilən təzyiq siyasətinin İran üçün vəziyyəti hər keçən gün daha da çətinləşdirdiyini bildirib. O hesab edir ki, tətbiq olunan sanksiyalar və iqtisadi məhdudiyyətlər Tehran üzərində ciddi təsir göstərməkdə davam edir.

Nazirin açıqlaması ABŞ-İran münasibətlərinin gələcəyi, eləcə də Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Bəs ABŞ maliyyə nazirinin açıqladığı 3 ssenaridən hansı daha real görünür? ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqlər öz məqsədinə çatırmı? İran rəhbərliyi ABŞ-nin təzyiq siyasətinə qarşı hansı addımları ata bilər? Rusiya və Çinin bu proseslərdə mövqeyi nə ola bilər?

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə politoloq Şəhla Cəlilzadə Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, ABŞ-nin İrandan tələbləri çox sərtdir:

"Bunu kapitulyasiya adlandırmaq olar. Bu tələblərin qəbul edilməsi İranda "ləyaqətin alçaldılması" olaraq qəbul edilir. Elə buna görə ali dini hakimiyyətin rəsmiləri ABŞ ilə yalnız milli maraqların təmin olunduğu və İran xalqının ləyaqətinin qorunduğu sülh müqaviləsindən başqa bir müqaviləyə imza atılmayacağını bəyan edir. Bu o deməkdir ki, İran uran zənginləşdirməsini suveren haqq olaraq görür və bu məsələdə mövqeyindən geri dönməyəcək. Bu, həmçinin o deməkdir ki, Hörmüz boğazından keçidlə bağlı təsis olunan yeni rejimin dəyişdirilməsi ciddi diplomatik cəhdlər və İrana böyük iqtisadi dividend vədləri tələb edəcək. Biz isə Trampın hələ ki, təzyiq və təhdid siyasətini görürük. ABŞ müharibə departamentinin hesablamalarına görə, blokadanın davam etdirilməsi İrana gündəlik 450-500 milyon dollar zərər vurur. Lakin İran iqtisadi təzyiqlərə dini rejimin qurulmasından bəri dözür. İran 50 ildir ki, ABŞ ilə müharibəyə hazırlaşıb və onun ABŞ-yə qarşı dirənci sadəcə taktiki, yaxud strateji məsələ deyil, hakimiyyətin kimlik siyasəti və ideoloji əsaslara dayanır. Bunu isə çökdürmək asan deyil. Doğrudur, iqtisadi böhran hətta ən sərt kommunist ideologiyasına bürünmüş rejimi də çökdürüb. Lakin hazırda İrana dəstək olan Rusiya və Çin faktoru bu məsələdə İranın mövqeyini qorumasına xidmət edir".

Politoloqun fikrincə, Trampın öz tələblərində güzəştə getməməsi, yəni İrana uran zənginləşdirməyə izn verməməsi danışıqları dalana dirəyir:

"Aydındır ki, tərəflərdən biri güzəştə getmədikcə diplomatiya müsbət nəticə verməyəcək. Odur ki, ali dini liderin müşaviri Möhsün Rzayi bildirib ki, "ABŞ prezidenti artıq üçüncü dəfədir ki, diplomatiyaya satqınlıq edir". İlk dəfə 12 günlük müharibə, 2-ci dəfə bu il 28 fevralda başlanan müharibə, 3-cü dəfə isə gözlənilən müharibə nəzərdə tutulur. Başqa sözlə, İran mövqeyindən dönməkdənsə müharibəni üstün tutur. Belə olan halda ABŞ ya uzunmüddətli təzyiq siyasətinə davam etməli, ya da yenidən hərbi yola baş vurmalıdır".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki