Dünya futbolunun əfsanəsi "Amedspor"un sükanı arxasına keçir

Yeni mövsümdə iddialı hədəflər müəyyənləşdirən "Amedspor" baş məşqçi axtarışlarını davam etdirir. Türkiyə mətbuatında yayılan məlumata görə, klub rəhbərliyi bu vəzifə üçün əfsanəvi italiyalı futbolçu Andrea Pirlo ilə danışıqlara başlayıb.

Referans Media xəbər verir ki, "Amedspor"un ilk seçimi son olaraq Samsunsporu çalışdırmış Tomas Rəis olub. Lakin tərəflər maliyyə məsələlərində razılığa gələ bilmədikləri üçün danışıqlar nəticəsiz qalıb.

Bundan sonra klubun diqqəti Andrea Pirlonun üzərinə yönəlib. Məlumata əsasən, tərəflər arasında keçirilən ilkin görüş müsbət atmosferdə baş tutub və danışıqların ciddi mərhələyə keçdiyi iddia olunur.

Pirlo Türkiyə futboluna yad sima deyil. O, daha əvvəl "Fatih Karagümrük"un baş məşqçisi kimi fəaliyyət göstərib və Super Liqa təcrübəsinə malikdir.

"Amedspor" rəhbərliyi yeni baş məşqçinin adını qısa zamanda rəsmən açıqlamağı planlaşdırır. Klub həmçinin yeni çalışdırıcının müəyyənləşməsindən sonra transfer çalışmalarını sürətləndirərək komandanı iyulun 1-də başlayacaq mövsümöncəsi hazırlıq düşərgəsinə tam heyətlə göndərməyi hədəfləyir.

Qeyd edək ki, Andrea Pirlonun "Amedspor"a təyinatı ilə bağlı məlumatlar hələlik mətbuat iddiaları səviyyəsindədir və klub tərəfindən rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki