“Qlobal ticarət sistemi bu gün ciddi çağırışlarla üz-üzədir. Artan regional münaqişələr, getdikcə daha çox mübahisə doğuran dəniz nəqliyyatı marşrutları və genişlənən tarif müharibələri qlobal iqtisadi münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha həssas vəziyyətə gətirib. Dünya artıq qarşılıqlı asılılıq mərhələsindən təhlükəsizlik və dayanıqlılıq mərhələsinə keçid edir. Bir zamanlar iqtisadi səmərəlilik nümunəsi hesab olunan qarşılıqlı asılılıq bu gün bir çox dövlətlər tərəfindən milli təhlükəsizlik riski kimi qiymətləndirilir”.
Referans Media xəbər verir ki ,bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, enerji təchizatının hər hansı səbəbdən dayanması dünya iqtisadiyyatına ağır zərbə vura bilər:
“Belə bir vəziyyət yük daşımalarının dayanmasına, sənaye müəssisələrinin fəaliyyətinin iflic olmasına, elektrik enerjisi təminatında fasilələrin yaranmasına və ümumilikdə iqtisadi aktivliyin kəskin azalmasına səbəb olar. Buna görə də dövlətlər enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uzunmüddətli və ehtiyatlı strategiyalar həyata keçirməlidirlər.
Bu strategiyaların əsas istiqamətlərindən biri bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və enerji istehlakının yerli istehsal olunan elektrik enerjisinə yönəldilməsidir. Məhz bu çağırışlara vaxtında cavab verən və enerji keçidini uğurla həyata keçirən dövlətlər gələcəyin qaliblərinə çevriləcəklər. Çünki müasir dünyada enerji artıq iqtisadi inkişafın, milli təhlükəsizliyin və siyasi müstəqilliyin əsas hərəkətverici qüvvələrindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyev qlobal enerji bazarında baş verən prosesləri və yeni tendensiyaları diqqətlə izləyir, ölkənin milli maraqlarına uyğun siyasət həyata keçirir. Bu siyasətin təməli isə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycanın müasir enerji strategiyasının başlanğıcı hesab edilən “Əsrin müqaviləsi” ilə atılıb.
Əgər həmin dövrdə uzaqgörən və strateji əhəmiyyətli qərar qəbul edilməsəydi, bu gün Azərbaycanın enerji siyasətindən, iqtisadi gücündən və beynəlxalq nüfuzundan danışmaq mümkün olmazdı. “Bakı Enerji Həftəsi”nin açılış mərasimində dövlət başçısı enerji siyasətinin keçdiyi inkişaf yoluna bir daha nəzər salaraq əldə olunmuş nailiyyətləri və qarşıdakı hədəfləri diqqətə çatdırdı”.
Politoloq deyib ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə və yüksək səviyyəli görüşlərə ev sahibliyi etməklə yalnız qlobal problemlərin müzakirəsi üçün platforma yaratmır, eyni zamanda həmin problemlərin həllinə öz töhfəsini verir:
“Artıq “Bakı Enerji Həftəsi” qlobal enerji sənayesinin aparıcı tədbirlərindən birinə çevrilib. Bu platformada enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, enerji bazarlarının gələcəyi və iqlim dəyişiklikləri ilə bağlı aktual məsələlər geniş şəkildə müzakirə olunur.
Müasir dövrün əsas tendensiyalarından biri enerji təhlükəsizliyi ilə iqlim təhlükəsizliyinin ayrılmaz şəkildə bir-biri ilə bağlı olmasıdır. Dövlətlər enerji təminatını gücləndirməklə yanaşı, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində də ciddi addımlar atmalıdırlar. Bu sahədə balanslaşdırılmış və effektiv idarəetmə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan enerji resurslarından heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, ölkəmiz enerji ehtiyatlarını regional əməkdaşlığın, iqtisadi inkişafın və xalqlar arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönəldib. Enerji gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, işğaldan azad edilmiş ərazilərin bərpasına və yeni infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunur.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan mühüm enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP regionun iqtisadiyyatına və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu layihələr Azərbaycan sərhədlərini aşaraq bir çox ölkələrin enerji təminatında mühüm rol oynayır.
Vaxtilə bu layihələrə qarşı müxtəlif tənqidlər və qarayaxma kampaniyaları aparılsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində onlar uğurla həyata keçirildi. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və həmin ölkələrin əhəmiyyətli hissəsini Avropa dövlətləri təşkil edir”.
Ekspert hesab edir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları uzun illər ərzində həm ölkənin, həm də tərəfdaş dövlətlərin enerji tələbatını ödəməyə imkan verir:
“Bu baxımdan enerji layihələri ətrafında süni narahatlıqlar yaratmaq və ya əsassız spekulyasiyalar formalaşdırmaq konstruktiv yanaşma hesab edilə bilməz. Bu, Azərbaycan xalqının maraqlarına xidmət etmir.
Hazırda Azərbaycan yeni enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində də fəallıq nümayiş etdirir. Xüsusilə “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan vasitəsilə Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Eyni zamanda Mərkəzi Asiya ilə Azərbaycan arasında yaşıl enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır.
Bu layihələr təkcə enerji siyasətinin coğrafiyasını genişləndirmir, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun əsas enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilib, həmçinin qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş statusunu möhkəmləndirib”.
