Netanyahunun cavabı diqqət çəkdi: Trampı İranla müharibəyə kim inandırdı?

İsrail Baş naziri Binyamin Netanyahu "ABC News"a müsahibəsində ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə cəlb etmək üçün bilərəkdən yanıltdığı barədə iddiaları rədd edib. Netanyahu “Trampa heç kim nə edəcəyini deyə bilməz” ifadəsi ilə ittihamlara cavab verib.

Referans Media xəbər verir ki, bununla yanaşı, İsrail Baş nazirinin fevral ayında Trampa İran rejimini devirməyə yönəlmiş planların təqdim edildiyi iddia olunan görüşü təkzib etməməsi diqqət çəkib.

Müsahibə zamanı "ABC News" aparıcısı Netanyahuya son günlər ictimaiyyət arasında müzakirə olunan iddianı birbaşa ünvanlayıb. İsrail Baş nazirindən Trampı İranla müharibəyə sürükləmək məqsədilə yanlış məlumatlandırıb-məlumatlandırmadığı soruşulub.

Netanyahu isə ittihamı qəti şəkildə rədd edərək deyib:

“Heç bir məsələdə onu yanıltmadım. Trampa heç kim nə edəcəyini deyə bilməz.”

Netanyahunun bu açıqlaması Vaşinqtonla Təl-Əviv arasında İran məsələsi ətrafında artan gərginlik fonunda diqqət çəkib.


Netanyahunun açıqlamaları ABŞ-ın vitse-prezidenti JD Vensin İsrail hökumətinə yönəltdiyi sərt ittihamlardan sonra səslənib.

Vens daha əvvəl qatıldığı proqramlardan birində İsrail hökumətinin bəzi üzvlərinin İranla müharibənin müddətsiz davam etməsi üçün ABŞ ictimaiyyətinə təsir göstərməyə çalışdığını iddia edib. O, bununla bağlı təşkilatlanmış kampaniya aparıldığını da bildirib.

Netanyahu müsahibəsində Vensin adını çəkməsə də, “Trampa heç kim nə edəcəyini deyə bilməz” ifadəsinin bu ittihamlara dolayı cavab kimi qiymətləndirildiyi qeyd olunur.


Müsahibənin ən diqqətçəkən məqamlarından biri isə fevral ayında baş verdiyi iddia edilən görüşlə bağlı olub.

Netanyahu həmin dövrdə Mossad rəhbəri ilə birlikdə Donald Trampa İran rejimini devirməyə yönəlmiş planların təqdim edildiyi iddia olunan görüşü təkzib etməyib.

Sözügedən görüşün İrana qarşı hava hücumlarının başlamasından bir neçə həftə əvvəl keçirildiyi bildirilir.


Netanyahunun açıqlamaları ABŞ və İsrail arasında İran siyasəti ilə bağlı pərdəarxası fikir ayrılıqları barədə müzakirələri yenidən gündəmə gətirib.

Bir tərəfdən Tramp administrasiyasının İranla bağlı atacağı addımlar müzakirə olunur, digər tərəfdən isə JD Vensin İsrail hökumətinə yönəltdiyi sərt ittihamlar Vaşinqton-Təl-Əviv münasibətlərində yeni suallar yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki