Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTOLAR

Perunun paytaxtı Lima şəhərində ölkənin yeni seçilmiş Prezidenti Keyko Fuximorinin andiçmə mərasimi keçirilib.

Referans Media xəbər verir ki, dünyanın yüzə yaxın ölkəsindən yüksəksəviyyəli nümayəndə heyətlərinin qatıldığı rəsmi tədbirdə Azərbaycan Respublikasını ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peru Respublikasında akkreditə olunmuş səfiri Seymur Fətəliyev təmsil edib.

Andiçmə mərasimi çərçivəsində əvvəlcə Limanın Mərkəzi Bazilikasında təntənəli dini ayin təşkil olunub. Daha sonra Peru Konqresində keçirilən rəsmi mərasimdə Prezident Keyko Fuximori Konstitusiyaya sadiqlik andı içərək, vəzifəsinin icrasına başlayıb. Yeni Prezident çıxışı zamanı ölkənin qarşıdakı inkişaf prioritetləri və hökumətin fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.

Rəsmi mərasimdən sonra Peru Prezidenti Hökumət Sarayında andiçmə mərasimində iştirak edən xarici dövlət və hökumət nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Qəbul zamanı Azərbaycan Respublikasının səfiri Seymur Fətəliyev Prezident İlham Əliyevin Peru Prezidenti Keyko Fuximoriyə ünvanladığı səmimi təbrikləri və xoş arzularını çatdırıb. Səfir, həmçinin Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini söyləyib.

Prezident Keyko Fuximori göstərilən diqqətə görə minnətdarlığını bildirərək, səmimi salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Andiçmə mərasimində keçirilən görüşlər Azərbaycan ilə Peru arasında siyasi dialoqun və ikitərəfli əməkdaşlığın inkişafına verilən qarşılıqlı önəmin daha bir göstəricisi kimi qiymətləndirilir.

2 173 11


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki