Şəhərsalma və yenidənqurma layihələri çərçivəsində evlərin sökülməsi zamanı mülkiyyətçilərlə kompensasiya məbləği barədə razılığın əldə olunmaması layihələrin icrasında ciddi problemlər yarada bilər. Kompensasiya hesablanarkən yalnız söküləcək əmlakın mövcud vəziyyətinin deyil, vətəndaşın həmin ərazidə alternativ mənzil əldə etmək imkanının da nəzərə alınması vacibdir.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, mülkiyyətçilərlə kompensasiya məsələsində razılığın əldə olunmaması prosesi ciddi şəkildə əngəlləyir və layihələrin icrasını ləngidir.
Onun sözlərinə görə, söküntü prosesi mülkiyyət hüquqları, iqtisadi maraqlar və sosial təminat məsələlərini özündə birləşdirir. Bu zaman bir çox hallarda investorların və ya dövlət qurumlarının mövqeyi ilə mülkiyyətçilərin gözləntiləri üst-üstə düşmür.
Ekspert qeyd edib ki, əsas problem əmlakın bazar dəyəri ilə vətəndaşa təklif olunan kompensasiya məbləği arasındakı fərqdən qaynaqlanır. Sökülən əmlakların bir çoxu istismar müddətini başa vurmuş və ya qəzalı vəziyyətdə olduğundan onların bazar dəyəri aşağı olur. Nəticədə vətəndaş aldığı kompensasiya ilə həmin ərazidə və ya yaxınlıqda yeni mənzil əldə edə bilmir. Bu isə onu ya daha uzaq ərazidə mənzil almağa, ya da təklif olunan məbləğlə razılaşmayaraq hüquqlarının müdafiəsi üçün müxtəlif instansiyalara müraciət etməyə məcbur edir.
V.Orucun fikrincə, qiymətləndirmə zamanı ərazinin yerləşməsi, infrastrukturu, bazar likvidliyi və real satış qiymətləri nəzərə alınmalıdır. O bildirib ki, qiymətləndirmə sifariş əsasında aparıldıqda qiymətləndirici mövcud prosedurlara uyğun olaraq söküləcək əmlakın bazar dəyərini müəyyən edir. Buna görə də kompensasiya məbləğinin hesablanması üçün vahid standartların hazırlanmasına və dövlət səviyyəsində konkret qərarların qəbuluna ehtiyac var.
Ekspert vurğulayıb ki, qiymətləndirmə qanuni qaydada aparılsa belə, nəticədə sosial narazılıq yaranırsa və vətəndaşların maraqları təmin olunmursa, layihənin əsas məqsədi reallaşmır:
“Dövlət üçün əsas məqsəd vətəndaşların rifah halının yüksəldilməsi, onların yeni mənzillərlə təmin olunması və daha müasir şəraitdə yaşamasıdır. Əgər vətəndaş bu prosesdən narazı qalırsa, deməli, layihənin məqsədi tam həyata keçirilməyib. Buna görə də yanaşma dəyişməlidir. Vahid mexanizm formalaşdırılmalı, müstəqil qiymətləndirmə institutları prosesə cəlb olunmalı, vətəndaşlara alternativ mənzil və ya maliyyə kompensasiyası seçimləri təqdim edilməlidir”.
V.Oruc əlavə edib ki, bəzi hallarda investorlar daha aşağı məbləğ ödəməyə, vətəndaşlar isə bütün şəxsi ehtiyaclarını kompensasiya hesabına qarşılamağa çalışırlar. Bununla belə, məsələnin dövlət maraqları və vətəndaş məmnuniyyəti əsasında həll olunması vacibdir.
AQC sədri hesab edir ki, qiymətləndirmə şirkətlərinə verilən tapşırıqlarda qəzalı və istismar müddətini başa vurmuş binaların bir kvadratmetrinin baza dəyəri deyil, həmin ərazidə yerləşən yeni tikililərin bir kvadratmetrinin baza dəyəri əsas götürülməlidir. Onun sözlərinə görə, kompensasiya məbləği bu meyar əsasında müəyyənləşdirilərsə, vətəndaşın yeni mənzil əldə etmək imkanı da artar.
Evin sökülməsinə razı olmayan mülkiyyətçilərin hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edə biləcəyini deyən ekspert bildirib ki, belə mübahisələr layihələrin uzun müddət dayanmasına, təxirə salınmasına, hətta tamamilə baş tutmamasına səbəb ola bilər.
O qeyd edib ki, əgər binada yaşayanların böyük əksəriyyəti kompensasiya məbləği ilə razılaşıbsa, lakin bir və ya iki nəfər buna etiraz edirsə, belə halların necə tənzimlənəcəyi qanunvericiliklə dəqiqləşdirilməlidir. Xüsusilə dövlət əhəmiyyətli layihələrin və şəhərin yenidən qurulması prosesinin əsassız şəkildə ləngiməməsi üçün obyektiv səbəblərlə şəxsi maraqların fərqləndirilməsi vacibdir.
V.Orucun sözlərinə görə, vətəndaşa kompensasiya məbləği həmin əmlakın yerləşdiyi ərazidən təxminən bir kilometr məsafədəki yeni tikililərin real satış qiymətləri əsasında təklif olunarsa, mülkiyyətçilərin prosesdə iştirakından məmnun qalması daha real olar.
Gülnaz Abdullazadə
