Son dövrlər əhalinin kredit borclarının artması və gəlirlərin borc öhdəliklərini qarşılamaqda çətinlik çəkməsi maliyyə sektorunda mümkün riskləri gündəmə gətirir. Vətəndaşların gəlirlərinin daha böyük hissəsini kredit ödənişlərinə yönəltməsi həm onların ödəmə qabiliyyətinə, həm də ümumi iqtisadi aktivliyə təsir göstərə bilər. Belə vəziyyət bank sektorunda problemli kreditlərin artmasına, daxili istehlakın azalmasına və iqtisadi sabitliyin zəifləməsinə səbəb ola bilər.
Referans Media-ya açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, vətəndaşların kredit yükünün artması makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı baxımından müəyyən risklər formalaşdırır.
Onun sözlərinə görə, əhalinin gəlirləri ilə borc öhdəlikləri arasında balansın pozulması ilk növbədə ev təsərrüfatlarının ödəmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Bu vəziyyət kreditlərin vaxtında qaytarılmasında çətinliklərin yaranmasına, problemli kreditlərin həcminin artmasına və bank sektorunda kredit risklərinin yüksəlməsinə səbəb ola bilər.
Eyni zamanda, gəlirlərin daha böyük hissəsinin borc ödənişlərinə yönəldilməsi daxili istehlakın azalmasına, tələbin zəifləməsinə və nəticə etibarilə iqtisadi aktivliyin aşağı düşməsinə təsir göstərir.
İqtisadçı qeyd edib ki, xüsusilə istehlak kreditlərinin sürətli genişlənməsi gələcək gəlirlər hesabına cari tələbin maliyyələşdirilməsini artırır. Bu isə iqtisadi şoklar və gəlirlərin azalması şəraitində əhalinin maliyyə dayanıqlığını zəiflədə bilər.
Günay Hüseynovanın fikrincə, kredit borclarının ödənilməsində çətinlik çəkən vətəndaşların sayının artmasının qarşısını almaq üçün kreditləşmə siyasətində risk əsaslı yanaşmanın gücləndirilməsi, borcalanların gəlir və ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsi, məsuliyyətli kreditləşmə prinsiplərinin tətbiqi vacibdir.
Bununla yanaşı, əhalinin real gəlirlərinin artırılması, maliyyə savadlılığının yüksəldilməsi, kredit şərtlərinin şəffaflaşdırılması və borclanma yükü ağırlaşan vətəndaşlar üçün restrukturizasiya mexanizmlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
İqtisadçı vurğulayıb ki, kredit bazarının sağlam inkişafı yalnız kreditlərin həcminin artması ilə deyil, borclanmanın iqtisadi əsaslandırılması, əhalinin ödəmə qabiliyyəti və maliyyə sisteminin dayanıqlılığı arasında optimal balansın qorunması ilə təmin edilməlidir.
Gülnaz Abdullazadə
