İranda iki həftəni ötən etiraz aksiyaları ölkənin gələcəyi, idarəetməsi və ərazi bütövlüyü ilə bağlı narahatlıqları artırıb. İqtisadi çətinliklər və daxili siyasi gərginlik fonunda başlayan aksiyalar əvvəlki illərdə olduğu kimi uzunmüddətli və itkilərlə müşayiət olunan prosesə çevrilir. ABŞ-nin Venesuela lideri Nikolas Maduronun saxlanılması ilə gündəmə gələn hadisələrdən sonra İranda “növbəti hədəf İran lideri ola bilərmi?” sualı da müzakirə olunur.
Referans Media xəbər verir ki, Bəs əsas hədəf kimdir – ali dini lider Ayətullah Əli Xamenei, yoxsa prezident Məsud Pezeşkian? Türk dünyasını birləşdirə biləcək strateji koridorun açılması İranın parçalanması iləmi mümkündür? NATO-nun sabiq böhran idarəçiliyi üzrə mütəxəssisi, professor Sait Yılmaz bu suallara Milliyet.com.tr-yə açıqlamasında aydınlıq gətirib.
Etirazların arxa planı
Professor Yılmazın sözlərinə görə, İranda etirazlar bir dəfə başlayanda tez dayanmaz: “İranda etirazlar aylarla, bəzən illərlə davam edə bilər. İndiyədək müxtəlif sosial qruplar vasitəsilə ssenarilər sınaqdan keçirilib. Qalan son mərhələ isə xalqın silahlandırılmasıdır. Hazırkı proses bu nöqtəyə doğru gedir.”
Hədəf Xameneidir?
Sait Yılmaz bildirir ki, türk mənşəli Pezeşkian həm İranın daxili sabitliyi, həm də region üçün şansdır: “Pezeşkianın namizədliyinə də Xamenei razılıq verib. Onun dürüstlüyü və etnik kimliyi İranın bütövlüyünü qorumaq baxımından mühüm faktordur. O, həm İran, həm də Türk dünyası üçün fürsət ola bilər.”
“Türk koridoru” və İranın gələcəyi
Professor Sait Yılmaz vurğulayıb ki, İran əhalisinin əhəmiyyətli hissəsini türklər təşkil edir və bu amil ölkənin gələcək siyasi quruluşunda mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bütöv və sabit İran Türkiyə üçün strateji baxımdan daha əlverişlidir.
