Yeni mövsümdə çempionluq uğrunda mübarizəyə iddialı hazırlaşan "Beşiktaş" heyətini gücləndirmək üçün hücumçu axtarışlarını davam etdirir. Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisinin əsas hədəflərindən biri Paul Onuachudır.
İddialara əsasən, "Beşiktaş" rəhbərliyi "Trabzonspor"un formasını geyinən nigeriyalı forvardın transferi üçün rəsmi danışıqlara başlamağa hazırlaşır.
Referans Media xəbər verir ki, tərəflər arasında daha əvvəl Ernest Muçi transferi zamanı formalaşan müsbət münasibətlər bu keçiddə mühüm rol oynaya bilər.
Transferin maliyyə yükünü azaltmaq məqsədilə "Beşiktaş"ın "Trabzonspor"a bəzi futbolçularını təklif edərək oyunçu mübadiləsi variantını da gündəmə gətirəcəyi bildirilir. Klubun heyətdə düşünülməyən bəzi oyunçuları müqaviləyə daxil etməklə Onuaçunun transferini daha əlverişli şərtlərlə başa çatdırmaq istədiyi vurğulanır.
Paul Onuaçu ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 26 qol vurub və 2 məhsuldar ötürmə edib. Nigeriyalı hücumçu məhsuldarlığı ilə Türkiyə futbolunda diqqət çəkən oyunçulardan biri hesab olunur.
Qeyd edək ki, transferlə bağlı məlumatlar hələlik mətbuat iddiaları səviyyəsindədir və klublardan rəsmi açıqlama verilməyib.
