Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı gündəmi silkələyib. İstanbulun Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış müğənni Mabel Matiz, aktyorlar Feyza Civelek və Onur Tuna, eləcə də iş adamı Volkan Bahçekapılı saxlanılıb.
Referans Media xəbər verir ki, prokurorluq tərəfindən ümumilikdə 25 nəfər barəsində saxlanılma qərarı verilib. Əməliyyat narkotik vasitələrin istifadəsi, yayılması və bu fəaliyyətə şərait yaradılması ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirilib.
Bakırköy Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, son dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən həm ölkəyə dəniz yolu ilə gətirilmək istənilən böyük həcmdə kokainin ələ keçirilməsi, həm də narkotik istehsalı və satışı ilə məşğul olan şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, əldə edilən sübutlar əsasında İstanbul İl Jandarma Komandanlığına 25 şübhəli şəxsin saxlanılması, axtarış aparılması və bioloji ekspertizaya cəlb olunması ilə bağlı göstəriş verilib.
Bildirilir ki, saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra isə narkotik testləri aparılır. Bundan sonra onların ifadələri alınır və prokurorluğun qərarına əsasən ya sərbəst buraxılır, ya da məhkəməyə göndərilirlər.
Qeyd edək ki, Mabel Matiz daha əvvəl “Perperişan” mahnısına görə açılan “ədəbsizlik” işi üzrə məhkəmə qarşısına çıxmış, lakin barəsində bəraət qərarı verilmişdi.
