Diyarbakırın Ergani rayonunda yerləşən Kralqızı Gölü bu il yağan güclü yağışlardan sonra tamamilə fərqli görünüş alıb. Keçən il quraqlıq səbəbindən demək olar ki, çölə bənzəyən ərazi, bu il su səviyyəsinin yüksəlməsi ilə firuzəyi rəngə bürünüb.
Referans Media xəbər verir ki, bölgədə ötən il su səviyyəsinin kəskin azalması nəticəsində adacıqlar və quru sahələr görünürdü. Lakin bu il yağan yağışlar sayəsində göldə su səviyyəsi yüksəlib və mənzərə tamamilə dəyişib.
Yerli sakinlərin sözlərinə görə, suyun qalxması ilə əvvəllər istifadə olunan yollar belə bağlanıb. Əvvəlki illərdə insanların balıq tutduğu və piknik etdiyi ərazilər indi suyun altında qalıb.
Bir sakin vəziyyəti belə təsvir edib: “Keçən il bura çöl kimi idi, indi isə tamamilə su ilə dolub. Görüntü çox gözəldir.”
Kralqızı Gölü suyun firuzəyi rəngi və adacıq görünüşü ilə bölgə “Türkiyənin Maldivləri” kimi tanınır. Su səviyyəsinin artması ilə mənzərə daha da cəlbedici hala gəlib.
