Nigeriyanın Zamfara əyalətində ordunun həyata keçirdiyi hava zərbəsi nəticəsində azı 100 mülki şəxsin həyatını itirdiyi bildirilir.
Referans Media xəbər verir ki, 10 may tarixində Zurmi bölgəsində yerləşən bazar ərazisinə edilən hava hücumu zamanı aralarında qadın və uşaqların da olduğu çox sayda insan həlak olub, onlarla insan isə yaralanıb.
Beynəlxalq Amnistiya Təşkilatı hadisəni təsdiqləyərək, hücumu “qanunsuz və qəbuledilməz” kimi qiymətləndirib. Təşkilat bildirib ki, mülki əhalinin hədəf alınması heç bir halda əsaslandırıla bilməz.
Bölgədə fəaliyyət göstərən Qızıl Xaç rəsmisi İbrahim Qarba Bello isə vəziyyətin çox ağır olduğunu qeyd edərək, insanların silahlı qruplar və qarşıdurmalar arasında çarəsiz qaldığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də hadisəni kəskin şəkildə pisləyib və çoxsaylı mülki itkilərin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Qeyd edək ki, Nigeriya ordusu ötən ay da oxşar hadisə ilə gündəmə gəlmiş, Yobe–Borno sərhədindəki bazara səhvən edilən hava hücumunda 100-dən çox insan həyatını itirmişdi.
