Bu gün səhər saatlarında Bakı şəhəri, 8 Noyabr prospektində tıxaca səbəb olan təmir işlərinin hansı məqsədlə aparıldığını bildirib.
Referans Media bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından məlumat verilib.
Bildirilib ki, Keşlə yağış kollektorunun təmiri və mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində profilaktik işlər aparılır.
Qeyd olunub ki, kollektorun istismar müddətində aşınmaya məruz qalmış hissələrində, xüsusilə yan və üst divarlarında bərpa və möhkəmləndirmə işləri icra olunur:
“Təmir işləri “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Görülən işlərin əsas məqsədi intensiv yağışlar zamanı yağış sularının kollektor vasitəsilə maneəsiz ötürülməsini təmin etmək, sistemin ötürücülük qabiliyyətini artırmaqdır. Eyni zamanda, kollektorun texniki istismar vəziyyətinin yaxşılaşdırılması və gələcəkdə yarana biləcək nasazlıqların qarşısının alınması istiqamətində tədbirlər görülür. Təmir-bərpa işləri başa çatdıqdan sonra ərazidə yağış sularının daha səmərəli idarə olunmasına şərait yaradılacaq”.
