Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri

Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin tədqiqatçıları bir çay paketindən içkiyə 2500-ə qədər mikroplastik hissəciyin keçə biləcəyini müəyyən ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, çay paketlərində aşkar olunan və növü müəyyənləşdirilən bütün hissəciklər poliamid liflərindən ibarətdir. Poliamid bəzi çay paketlərinin hazırlanmasında istifadə edilən plastik material növüdür.

Alimlər bildiriblər ki, tədqiqat zamanı yalnız ölçüsü 100 mikrometrdən böyük olan hissəcikləri müəyyənləşdirmək mümkün olub. Buna görə daha kiçik plastik hissəciklərin də çaya keçməsi istisna edilmir.

Müqayisə üçün qeyd edilib ki, paketlənməmiş yarpaq çayın bir kiloqramında 146-dan 1178-ə qədər mikroplastik hissəcik aşkar olunub. Bu isə standart iki qramlıq çay porsiyası üçün təxminən 0,3–2,4 hissəcik deməkdir.

Hazırda bir çox istehsalçı plastik tərkibli olmayan sellüloza əsaslı çay paketlərindən istifadə etsə də, bəzi markalar hələ də çay yarpaqlarını saxlamaq üçün plastik torlardan yararlanır.

Çayda təhlükəli kimyəvi maddələr də aşkarlanıb

Tədqiqatçılar plastik paketlərdə olan çay nümunələrində mikroplastiklə yanaşı, bisfenol A (BPA) və ftalat efirləri də aşkar ediblər.

Bu maddələr plastik istehsalında istifadə olunur. Onlar materialın elastikliyini, möhkəmliyini və temperatur dəyişikliklərinə davamlılığını artırmaq məqsədi daşıyır.

Alimlər xüsusilə bisfenol A maddəsinə diqqət çəkiblər. Araşdırmanın nəticələrinə əsasən, modelləşdirmə zamanı bir fincan çaydan orqanizmə daxil ola biləcək BPA miqdarının Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) müəyyən etdiyi gündəlik qəbul həddinin 4,55 faizindən 21,70 faizinə qədər ola biləcəyi hesablanıb.

Mütəxəssislər vurğulayıblar ki, bu göstərici qiymətləndirilərkən insanın digər mənbələrdən də BPA qəbul etdiyi nəzərə alınmalıdır. Çünki həmin maddə müxtəlif qida məhsulları və qablaşdırma materialları vasitəsilə də orqanizmə daxil ola bilər.

Alimləri xüsusilə bu maddənin uşaqlar və hamilə qadınlar kimi həssas əhali qruplarına mümkün təsiri narahat edir.

Mikroplastik sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?

Tədqiqatda çay paketlərindən içkiyə keçən müxtəlif çirkləndirici maddələr aşkarlansa da, nəticələr belə çayların qəbulunun insanlarda birbaşa xəstəlik yaratdığını sübut etmir.

Bununla belə, mütəxəssislər mikroplastiklə təması mümkün qədər azaltmağı tövsiyə edirlər.

Çayda mikroplastikin miqdarını necə azaltmaq olar?

Alimlər mümkün olduğu qədər paket çaylardan imtina etməyi və yarpaq çaylara üstünlük verməyi məsləhət görürlər.

Çayı dəmləmək üçün metal və ya keramika süzgəclərdən istifadə etmək tövsiyə olunur. Bu üsul içkinin plastik qablaşdırma ilə əlavə təmasının qarşısını almağa kömək edir.

Bundan başqa, isti çayı plastik stəkanlarda içməkdən çəkinmək məsləhət görülür. Əvvəlki araşdırmalar göstərib ki, birdəfəlik plastik stəkanlar isti maye ilə təmas zamanı milyonlarla mikroplastik və daha kiçik nanoplastik hissəcik buraxa bilər.

Tədqiqatçılar onu da qeyd ediblər ki, mikroplastik çaya yalnız paketlərdən keçmir. Bu hissəciklər ətraf mühitdə də mövcuddur və çay yarpaqlarının yetişdirilməsi, yığılması, eləcə də sənaye üsulu ilə emalı zamanı məhsula qarışa bilər.

Mütəxəssislərin fikrincə, plastiklə təması azaltmaq və daha təhlükəsiz dəmləmə üsullarına üstünlük vermək mikroplastikə məruzqalma riskini azaltmağa kömək edə bilər./Lent.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki