Putin orduya vur emri verdi – Dərhal cavab verin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin gəmilərinə qarşı yönələn müsadirə və ələ keçirmə cəhdlərinə cavab verilməsi barədə Rusiya Hərbi Dəniz Qüvvələrinə göstəriş verib.

Referans Media xəbər verir ki, Putin Rusiyanın donanmasının gücləndiriləcəyini vurğulayaraq, hərbi dəniz qüvvələrinin ölkənin nüvə potensialında mühüm rol oynadığını bildirib.

"Qətiyyətli şəkildə mübarizə aparılmalıdır"

Kremlin yaydığı məlumata görə, Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Sankt-Peterburqda hərbi rəsmilərlə görüş keçirib.

Görüş zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və donanma rəhbərləri mövcud vəziyyət və həyata keçirilən əməliyyatlar barədə prezidentə məlumat veriblər.

Putin çıxışında Rusiya gəmilərinə qarşı addımların cavabsız qalmayacağını bildirib: "Pis niyyətli şəxslər ticarət donanması da daxil olmaqla, donanmamıza təsir göstərməyə çalışırlar. Belə hallarda beynəlxalq dəniz hüququ çərçivəsində, lakin qətiyyətli şəkildə mübarizə aparmaq lazımdır."

Kalininqradla bağlı xəbərdarlıq

Rusiya lideri Kalininqrad bölgəsinə yönələn təhdidlərə qarşı ölkəsinin bütün imkanlarından istifadə edəcəyini bildirib.

Putin qeyd edib ki, bölgənin təhlükəsizliyi Rusiyanın malik olduğu bütün vasitələrlə təmin olunacaq.

"Rusiya donanmasını inkişaf etdirməyə davam edəcəyik"

Putin Ukraynadakı döyüşlərdə Rusiya dəniz piyadalarının iştirak etdiyini bildirərək, onların bu il 20-dən çox yaşayış məntəqəsini "azad etdiyini" iddia edib.

Rusiya lideri donanmanın modernləşdirilməsi və yeni silahlarla təchiz edilməsinin davam etdiriləcəyini açıqlayıb: "Donanmamız nüvə üçlüyündə böyük əhəmiyyətə malikdir."

Putindən Ukraynanın əraziləri ilə bağlı iddia

Putin Ukraynanın qərbindəki bəzi ərazilərin vaxtilə Sovet lideri İosif Stalin tərəfindən Ukraynaya verildiyini iddia edib.

O bildirib ki, həmin torpaqların gələcəkdə Polşa, Macarıstan və Rumıniyaya qaytarılacağını düşünür.

Rusiya Prezidenti həmçinin Ukraynadakı müharibədə qələbə əldə etmək üçün bütün imkanlardan istifadə edəcəklərini və "xüsusi hərbi əməliyyatın" gec-tez başa çatacağını söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki