"Qalatasaray"ın transfer planı alt-üst oldu: Mourinyo və Zidan hər şeyi dəyişdi

"Qalatasaray"ın yay transfer dönəmində heyətinə qatmaq istədiyi Eduardo Kamavinqanın taleyi gözlənilməz şəkildə dəyişib.

Referans Media xəbər verir ki, “Real Madrid”də çıxış edən 23 yaşlı fransalı yarımmüdafiəçi ötən mövsüm kifayət qədər oyun vaxtı əldə edə bilmədiyi üçün komandadan ayrılacağı ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi. "Qalatasaray"ın da Kamavinqa ilə maraqlandığı, lakin futbolçunun Madrid klubunda qalmağa qərar verdiyi bildirilirdi.

Kamavinqa ötən mövsüm “Real Madrid”in heyətində 43 matçda meydana çıxıb və ümumilikdə 2199 dəqiqə oynayıb. O, orta hesabla hər qarşılaşmada 51 dəqiqə meydanda qalıb. Bu göstəricilərdən sonra Fransa millisinin heyətinə dəvət edilməyən futbolçu 2026-cı il dünya çempionatını evdən izləməli olub.

Fransalı futbolçunun karyerasında dönüş isə həm “Real Madrid”, həm də Fransa millisində baş məşqçi dəyişikliyindən sonra baş verib. Fransa millisinin baş məşqçisi postuna Zinəddin Zidanın, “Real Madrid”ə isə Joze Mourinyonun gətirilməsi Kamavinqanın vəziyyətinə müsbət təsir edib. Zidanın onu yenidən Fransa millisinin heyətinə dəvət etməsi və Millətlər Liqasında oyun şansı verməsi futbolçu üçün mühüm motivasiya olub. Kamavinqa həmin görüşlərdəki çıxışı ilə diqqət çəkib və gələcəyi ilə bağlı müsbət görüntü yaradıb.

Kamavinqa “Real Madrid”də də Joze Mourinyonun etimadını qazanmağa başlayıb. Portuqaliyalı mütəxəssis “Malaqa” ilə oyundan sonra Kamavinqanı ilk “11-lik”də meydana çıxarmasına toxunaraq futbolçusunu müdafiə edib və onun göstərdiyi performansı yüksək qiymətləndirib.

Bu mövsüm Kamavinqa “Real Madrid” forması ilə 6 matçda meydana çıxıb. O, eyni zamanda Fransa millisinin Millətlər Liqasında Türkiyə, Belçika ilə iki qarşılaşma və İtaliya ilə görüşündə də forma geyinib.

Beləliklə, yay transfer dönəmində "Qalatasaray"ın maraq göstərdiyi Kamavinqanın “Real Madrid”dən ayrılmaq ehtimalı hazırda xeyli azalıb. Futbolçunun mövsümə yaxşı başlaması və həm Mourinyonun, həm də Zidanın ona güvənməsi səbəbindən onun Madrid klubundan ayrılmasının gözlənilmədiyi bildirilir.

"Qalatasaray"ın transfer planlarında yer alan ulduz futbolçunun komandada qalması İstanbul klubunun mümkün transfer strategiyasına da təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki