Son günlər Qarabağ FK-də baş verən dəyişikliklər və bəzi oyunçularla bağlı qəbul edilən qərarlar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Xüsusilə Elvin Cəfərquliyev ətrafında yaranmış vəziyyət diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Referans Media-ya danışan idman jurnalisti Azad Nuriyev bildirib ki, bu qərarın arxasında duran səbəblər artıq mediada müəyyən qədər açıqlanıb. Yayılan versiyalara görə, futbolçunun tez-tez əyləncəli məclislərdə iştirak etməsi əsas səbəb kimi göstərilir. Onun fikrincə, ümumilikdə intizamsızlıq baş məşqçi Qurban Qurbanov üçün qəbul edilməz məqamlardandır və bu cür hallar, oyunçunun səviyyəsindən asılı olmayaraq, ciddi nəticələrə gətirib çıxarır. Bu tip situasiyalara dünya futbolunda da tez-tez rast gəlinir.
Qeyd olunub ki, Elvin Cəfərquliyevin mövqeyi komanda üçün olduqca vacibdir və onun yoxluğu artıq son turda Sabah FK-ya qarşı oyunda hiss olunub. O, hücumların qurulmasında aktiv rol oynayan futbolçu olduğundan, meydanda olmaması komandanın oyununa birbaşa təsir göstərir. Böyük ehtimalla, yaxşı təklif alacağı təqdirdə, növbəti mövsümdə həm yerli, həm də xarici klublardan birində çıxış edə bilər.
Digər tərəfdən, Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən Qarabağ FK – Sabah FK qarşılaşması da geniş müzakirələr doğurub. Oyunun nəticəsi və komandaların çıxışı ilə bağlı fikirlərini bölüşən Azad Nuriyev bildirib ki, “Qarabağ” finala yüksəlmək üçün maksimum gücünü ortaya qoysa da, mövsüm ərzində bu iki komanda arasında keçirilən oyunlara ümumi baxış göstərir ki, “Sabah” rəqibindən bir addım öndə olub.
Onun sözlərinə görə, qarşılaşmada “Qarabağ” bir sıra komponentlərdə geri qalırdı. Həmçinin “Sabah”ın iki qolunun ofsayt səbəbilə ləğv edilməsi də nəzərə alınarsa, hesab fərqi daha böyük – 3-4 top ola bilərdi. Oyunun gedişində bir neçə mübahisəli epizodun yaşandığı da qeyd olunub.
Nəticədə, 90 dəqiqə ərzində nümayiş etdirilən oyun Sabah FK-nın Azərbaycan kubokunun finalına yüksəlməsinə imkan yaradıb. “Qarabağ”da isə məğlubiyyətdən sonra müəyyən məyusluq müşahidə olunur. Buna baxmayaraq, Ağdam təmsilçisi diqqətini ölkə çempionatına yönəldərək mübarizəni davam etdirəcək. Komandanı qarşıda Neftçi PFK-yə qarşı iki çətin qarşılaşma gözləyir və bu oyunların nəticəsi liqadakı mövqeyə ciddi təsir göstərə bilər.
Gülnaz Abdullazadə.























