Bakıda 1:6 hesablı ağır məğlubiyyətdən sonra “Qarabağ”ın psixoloji durumu və cavab oyunu öncəsi taktiki yanaşması müzakirə olunur.
Referans Media-ya açıqlama verən idman jurnalisti Azad Nuriyev bildirib ki, komandanın bu mərhələyə qədər irəliləməsi artıq böyük uğur sayılmalıdır.
Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanov oyuna hazır olduqlarını desə də, bu mərhələyə çatmaq “Qarabağ” üçün boyundan hündürə tullanmaqdır:
“Özümüzü digər Avropa klubları ilə müqayisə etmək istəmirəm. Çatışmazlıqlar göz önündədir. Buna görə də bugünkü oyunun nəticəsindən asılı olmayaraq ‘Qarabağ’ın Çempionlar Liqasındakı çıxışına alqış düşür”.
Nuriyev hesab edir ki, Qurban Qurbanov cavab qarşılaşmasında böyük riskə getməyəcək:
“Risk edəcəyini düşünmürəm. İlk oyundan nəticə çıxarıb daha ehtiyatlı oynayacaq. Bakıdakı matçda hər iki hissədə fərqli ‘Qarabağ’ gördük. Baş məşqçi ölçüb-biçərək hərəkət edəcək. Həm də rəqibin hansı heyətlə çıxacağından çox şey asılıdır. İngiltərədə ‘Nyukasl’ın ikinci və ya üçüncü heyətini də görə bilərik”.
“Sent Ceyms Park”dakı çətin səfər mühitinə toxunan jurnalist mərhələ şansını real saymır:
“Məntiqlə danışsaq, mərhələ keçmək üçün 6 qola ehtiyac var və İngiltərə təmsilçisinin bu şansı əldən verəcəyini düşünmürəm. Amma reytinq xalları baxımından hər oyun vacibdir. Hər matç Ağdam klubu üçün təcrübədir. İngiltərədən heç-heçə ilə qayıdaraq Çempionlar Liqasını müsbət notla başa vurmaq olar. ‘Qarabağ’ hər oyuna sərfəli nəticə və azarkeşlərini sevindirmək üçün çıxır”.
Gülnaz Abdullazadə























