QƏRAR VERİLDİ: İyulun 1-dən 15% ARTACAQ

Türkiyə rəhbərliyi illik tarif baxışı çərçivəsində iyulun 1-dən etibarən gəmilərin Bosfor və Dardanel boğazlarından keçid haqlarını 15% artıracaq.

Referans Media  xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Yeni qərara əsasən, hər ton üçün rüsumun məbləği 6,7 dollar təşkil edəcək.

Ötən ilin iyul ayından bəri Türkiyə boğazlarından keçid üçün hər tona görə 5,83 dollar rüsum alınırdı.



Ödəniş məbləği Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləyən 1936-cı il tarixli Montrö Konvensiyası çərçivəsində gəmilərin tonajı əsasında hesablanır.

Türkiyə hakimiyyəti 2022-ci ildən bəri boğazlar vasitəsilə gəmilərin tranzitinə görə tarifləri ildə bir dəfə artırır. Həmin vaxta qədər isə bu rüsum hər ton üçün cəmi 0,8 dollar təşkil edirdi.

Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçib. Bir gəmidən alınan orta ödəniş məbləği 15 min ilə 30 min dollar arasında dəyişir. Bu yığımlardan əldə olunan vəsait, əsasən, sahil xidmətlərinin, xilasedicilərin, tibb işçilərinin fəaliyyətinin maliyyələşdirilməsinə və dəniz qəzalarının nəticələrinin aradan qaldırılmasına yönəldilir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki