Çində güclü yağışlar və sel təhlükəsi səbəbindən bəzi bölgələrdə ən yüksək xəbərdarlıq səviyyəsi olan “qırmızı siqnal” elan edilib.
Referans Media xəbər verir ki, Anhui və Hubei əyalətlərində artan sel riski səbəbilə ümumilikdə 1805 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
Rəsmilərin açıqlamasına görə, Çinin Su Ehtiyatları Nazirliyi və Meteorologiya İdarəsi bölgədə vəziyyətin kritik həddə çatdığını bildirərək yerli yaşayış məntəqələri üçün ən yüksək səviyyəli xəbərdarlıq sistemini işə salıb. Sel təhlükəsinin xüsusilə çayların daşması və intensiv yağışlar nəticəsində yarandığı qeyd olunur.
Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi tərəfindən verilən məlumata əsasən, hadisə bölgələrinə xüsusi xilasetmə və yardım qrupları göndərilib. Komandaların əsas vəzifəsi sakinlərin təhlükəsizliyini təmin etmək və onların ilkin ehtiyaclarını qarşılamaqdır.
Hazırda bölgədə monitorinq işləri davam etdirilir və sel riskinin yaxın günlərdə də davam edə biləcəyi istisna olunmur.
