Argentina millisində son oyununa çıxan Lionel Messi ilə bağlı Kriştiano Ronaldonun paylaşdığı mesaj futbol dünyasında böyük rezonans doğurub.
Referans Media xəbər verir ki, Argentina millisinin Benini 3:0 hesabı ilə məğlub etdiyi yoldaşlıq görüşündə Lionel Messi ölkəsinin formasını sonuncu dəfə geyinib. 39 yaşlı ulduz bu qarşılaşma ilə Argentina millisindəki karyerasını başa vurub. Messi oyundan sonra sosial media hesabında Argentina forması ilə keçirdiyi illərə nəzər salaraq, ona dəstək olan hər kəsə təşəkkür edib. Ulduz futbolçu milli komanda formasını artıq indidən darıxacağını bildirib.
“Dünən son oyunum idi və göy-ağ formanı indidən darıxıram. Düzgün qərar verdiyimi bilirəm. Sevinc və bir qədər də kədərlə dolu inanılmaz bir səyahət idi. Amma atdığım hər addımın buna dəyər olduğuna əminəm”, - Messi yazıb.
Argentina millisinin əfsanəsi paylaşımında ailəsinə, komanda yoldaşlarına, məşqçilərinə və karyerasında formasını geyindiyi klublara da təşəkkür edib. Messi həmçinin ölkəsinin futbol əfsanəsi Dieqo Maradonanı xatırlayıb. Messinin paylaşımına onun uzun illər ən böyük rəqibi kimi göstərilən Kriştiano Ronaldonun reaksiyası isə xüsusi diqqət çəkib.
Portuqaliyalı ulduz argentinalı futbolçuya duyğusal mesaj göndərərək onun milli komanda ilə qazandığı uğurlara hörmətini ifadə edib.
Ronaldo Messiyə belə müraciət edib: “Leo, bu qədər il ölkəni müdafiə etdin və əbədi yaşayacaq bir tarix yazdın. Argentina ilə qazandığın uğurlara sonsuz hörmət edirəm. Sənə qucaq dolusu sevgilər”.
Ronaldonun bu şərhi qısa müddətdə milyonlarla insanın diqqətini çəkib. Uzun illər meydanda bir-birinin əsas rəqibi olan iki futbol əfsanəsinin bu dəfə bir-birinə göstərdiyi hörmət azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
