Türkiyədə sel nəticəsində onlarla ev və avtomobil sular altında qalıb.
Samsunun Havza rayonunda güclü yağışdan sonra baş verən sel fəlakətinin real miqyası səhər saatlarında daha aydın şəkildə ortaya çıxıb.
Referans Media xəbər verir ki, daşqına səbəb olan Hacı Osman dərəsinin məcrasından çıxması nəticəsində rayon mərkəzində geniş ərazilər su altında qalıb. Küçələr palçığa bürünüb, çoxsaylı ev və iş yerləri ciddi zərər görüb.
Səhər saatlarında çəkilən dron görüntülərində sel sularının avtomobilləri apardığı, bir sıra nəqliyyat vasitələrinin isə aşaraq yararsız vəziyyətə düşdüyü əks olunub.
Cümhuriyyət Meydanı və ətraf ərazilərdə həyat demək olar ki, dayanıb. Bir çox ticarət obyektini su basıb, mağaza və dükanlar palçıq və lil içində qalıb.
Sahibkarlar səhər saatlarından etibarən təmizlik işlərinə başlasalar da, dəyən ziyanın böyük olduğu bildirilir.
Əraziyə AFAD, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda suyun çəkilməsi, dağıntıların aradan qaldırılması və ziyanın qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.
Hadisə rayon sakinləri arasında böyük narahatlıq yaradıb. İlkin qiymətləndirmələrə görə, fəlakətin yaratdığı maddi zərər kifayət qədər yüksəkdir.
