Adil Qeybulla: “İTS-ya ayrılan vəsait azalıb, düşünmürəm ki, özəl klinikalar…”
“Övladım özəl xəstəxanada əməliyyat olunub. Bizə bir neçə aydan bir rentgen və KT müayinəsi tələb olunurdu. Hər dəfə bu məbləği ödəmək çətinlik yaratdığı üçün İcbari Tibbi Sığortadan yararlanmaq istədim. Lakin mənə yalnız dövlət xəstəxanasına yönləndirilə biləcəyim deyildi. Çünki eyni müayinə dövlət xəstəxanasında varsa, özəl xəstəxanaya verilə bilmirmiş. Mənə maraqlıdır, əməkhaqqımdan müəyyən məbləğdə sığorta fonduna vəsait köçürürəm, bəs istədiyim yerə göndərişi nə üçün götürə bilməyim?”
Aparılan sorğu zamanı da məlum olub ki, xəstələr üçün göndərişlər əsasən dövlət tibb müəssisələrinədir.
Azərbaycanda İcbari Tibbi Sığorta yalnız dövlət tibb müəssisələrində deyil, müəyyən hallarda özəl klinikalarda da istifadə olunur. Bunun üçün əsas şərt ondan ibarətdir ki, vətəndaşa dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlə bağlı rəsmi göndəriş verilsin. Həmin göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə müqaviləsi olan özəl klinikalarda müayinə və müalicə icbari sığorta hesabına aparılır.
Hazırda ölkədə tibbi sığorta çərçivəsində xidmət göstərən bir sıra özəl tibb müəssisələri mövcuddur. Rəsmi məlumata görə, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 206-dır. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir. Özəl tibb müəssisələrinin 66 faizi Bakının, 26 faizi isə regionların payına düşür. Onların sırasında Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxana, Caspian International Hospital, Respublika Diaqnostika Mərkəzi, EGE Hospital, Avrasiya Hospital, Sumqayıt Hospital, Gəncə Müalicə-Diaqnostika Mərkəzi və Gəncə Beynəlxalq Xəstəxanası kimi tanınmış özəl klinikalar yer alır. Bu müəssisələrdə yalnız sığorta zərfinə daxil olan xidmətlər İcbari Tibbi Sığorta hesabına qarşılanır, əlavə və ya sığortaya daxil olmayan xidmətlər isə ödənişli olur. Vətəndaşlar adətən əvvəlcə ailə həkiminə və ya dövlət tibb müəssisəsinə müraciət edir, ehtiyac yarandıqda isə rəsmi göndəriş əsasında özəl klinikaya yönləndirilirlər. Təcili və həyati təhlükə yaradan hallarda göndəriş olmadan da icbari tibbi sığorta ilə tibbi yardım göstərilə bilər.
Referans Media xəbər verir ki ,Musavat.com-a danışan Bakı sakini Əhməd Məmmədov məsələ ilə bağlı narazılığını bildirib:
“Özəl klinikalarda bəzi ağır əməliyyatları edirlər. Amma bu kifayət deyil. Misal üçün, mən hər üç aydan bir 15 günlük fizioterapiya olunmalıyam. Mənə özəl klinikadakı fizioterapevt məsləhət görülüb, çünki dövlət xəstəxanasında müalicəm uğursuz olub. Gömrük Hospitalında 15 günlük müalicə 1000 manatdan yuxarıdır. Halbuki sığorta ilə bunu daha ucuz etmək olar. Bu mütəmadi olan müalicələrdir, mən hər dəfə bu qədər məbləği necə ödəyim?! Hələ bunun rentgen, həkim müayinəsi də var. Peşəkar həkimlər özəl klinikalarda işləyir, bu heç doğru deyil”.
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Əvvəla, əmək haqqı ilə ödənilən vəsaitlə İcbari Tibbi Sığorta haqları arasında çox böyük, fantastik fərqlər var. Yəni bir kompüter tomoqrafiya (KT) müayinəsinin dəyəri Azərbaycanda əməkhaqqından tutulan məbləğdən 15–20 dəfə çoxdur. Buna görə də belə müqayisə aparmaq düzgün deyil. Sadəcə olaraq, tibbi sığortanın dövlət xəstəxanalarına müayinə üçün göndəriş hüququ var. Çünki bu dövlət xəstəxanalarının hamısı icbari tibbi sığortaya cəlb olunub. O ki qaldı özəl mülkiyyətdə olan xəstəxanalara, əgər ortada müqavilə yoxdursa tibbi sığorta ora özbaşına göndəriş edə bilməz. Çünki bu, özəl mülkiyyətdir və mütləq müqavilə olmalıdır. Ödənişlər də məhz bu müqavilə əsasında həyata keçirilməlidir. Yəni bu məsələlər bu cür tənzimlənir. Ona görə də hər kəsin istədiyi vaxt İcbari Tibbi Sığorta ilə istədiyi klinikada müayinə olunması dünyanın heç bir yerində yoxdur. Amma məsələ ondadır ki, hazırda tibbi sığortaya ayrılan vəsait azalıb və yəqin ki, bu xərclər də yavaş-yavaş azalacaq. Düşünmürəm ki, xidmətlər getdikcə özəl klinikalar şəbəkəsində də genişlənsin”.
Professor hesab edir ki, özəl klinikaların müayinə metodlarını — xüsusilə ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və digər laborator müayinələri də tibbi sığortaya cəlb etmək olar:
“Çünki özəl klinikalar da işləyən, dövlətə vergi verən tibbi subyektlərdir. Buna görə də bu istiqamətdə düşünmək yaxşı olardı və biz bunu arzu edirik. Amma müqavilə olmadan bu reallıq deyil”.























