“Gedək üzü ölümə...” – Xəzər niyə QATILƏ çevrilir?

Xəzər dənizi yay aylarında minlərlə insanın sərinləmək üçün üz tutduğu məkandır. Lakin hər mövsüm onun sahillərindən faciə xəbərləri də gəlir. Bir gün əvvəl ailəsi ilə dənizə gedən insanın ertəsi gün meyitinin sudan çıxarılması təəssüf ki, təkrarlanan mənzərəyə çevrilib.

Bəs insanları Xəzərin sularında ölümə aparan nədir? Sadəcə, üzgüçülük qaydalarına əməl etməmək və ehtiyatsızlıq? Yoxsa illərdir tanıdığımız Xəzərin özü də dəyişib?

Qeyd edək ki, Xəzərdə boğulma hallarının səbəbləri barədə vahid fikir yoxdur. Bir qisim mütəxəssis insan faktorunu – qaydalara məhəl qoymamağı, qadağan olunmuş ərazilərdə çimməyi, uzağa üzməyi və gecə saatlarında dənizə girməyi əsas səbəb sayır. Digər yanaşmaya görə isə dənizin özündə gedən dəyişikliklər, temperatur fərqləri və sualtı proseslər də nəzərə alınmalıdır.

Bəs Xəzər bizi niyə “udmağa” başlayıb? Bakının sahillərində təhlükə niyə daha çox hiss olunur? Dənizin dibində və sularında həqiqətən əvvəlkindən fərqli proseslərMİ gedir?

Mövzu ilə bağlı AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Musavat.com-a danışıb. Ekoloq Xəzərdə baş verən bədbəxt hadisələrin səbəbləri barədə danışarkən əsas amillərdən birinin insan məsuliyyətsizliyi olduğunu bildirib: “Bu Xəzərdir. Yəni əvvəllər, Sovet dövründə iki ölkənin dənizi idi. İndi isə beş ölkə arasında bölünüb. Ona görə də burada hansısa prosesin baş verməsi və bunun yalnız bir ölkəyə təsir etməsi məntiqə uyğun deyil. Necə ola bilər ki? Əgər burada, dənizdə hansısa ciddi proses baş versəydi, o zaman Rusiyada da, Qazaxıstanda da, İranda da eyni problemlər müşahidə olunardı. Deməli, burada ən böyük məsələ insanların özlərinin məsuliyyətsizliyidir".

Ənvər Əliyev Xəzərin əvvəlki vəziyyətindən də söz açıb. O bildirib ki, dənizin əvvəlki dəniz olmadığını nəzərə almaq lazımdır. “Suyun temperaturunda dəyişikliklər var, Xəzərin bəzi hissələrində suyun çəkilməsi ilə yanaşı, dərinliklər də dəyişib. Əvvəllər sahilboyu, xüsusilə dayaz yerlərdə su isti olurdu. İnsan bir-iki metr, hətta iki metrə qədər dərinlikdə rahatlıqla çimə bilirdi. Amma indi bir qədər Xəzər çəkilib, bununla yanaşı, bəzi yerlərdə dərinliklər artıb. Digər tərəfdən, soyuq su məsələsi də var. Nəticədə suda qıcolmalar, daha sonra isə digər kəskin proseslər baş verir”, – deyə ekoloq vurğulayıb.

Onun fikrincə, dəniz suyunun bütün hissələrinin eyni temperaturda olmaması da nəzərə alınmalıdır. Xüsusilə dərinliklərdən gələn soyuq su insan orqanizmi üçün təhlükə yarada bilər: “Qıcolmaların əsas səbəblərindən biri də məhz belə hallardır. Ona görə də diqqətli olmaq lazımdır”.

Ekoloq Fövqəladə Hallar Nazirliyinin hazırladığı bülleten və təhlükəsizlik xəbərdarlıqlarına da diqqət çəkib. O bildirib ki, bəzi insanlar çimmək qadağan olunan ərazilərdə belə dənizə girir və təhlükəsizlik qaydalarını nəzərə almırlar: “Xüsusilə də Fövqəladə Hallar Nazirliyinin hazırladığı bülletenə, verilən xəbərdarlıqlara qətiyyən baxan yoxdur. Bəzi yerlərdə hətta çimmək qadağandır, amma insanlar həmin ərazilərdə çimirlər və müəyyən edilmiş qaydaları heç vecə də almırlar. Ona görə də mənə elə gəlir ki, burada ən böyük amil insan faktorudur. Əgər insanlar Fövqəladə Hallar Nazirliyinin hazırladığı təlimatlara tam uyğun hərəkət etsələr, daha doğrusu, həmin qaydalara riayət etsələr, yaxud da müəyyən edilmiş çimərlik və sahil ərazilərində çimsələr, uzağa getmədən dənizdən istifadə edib sağ-salamat evlərinə qayıda bilərlər.

Ən vacib şərtlərdən biri də odur ki, gecə saatlarında dənizə girmək olmaz. Saat 12-də kim gedər dənizə? Ağlı başında olan adam gecə vaxtı dənizə girərmi? Hətta içki qəbul edənlərin də olduğunu görürük. Bütün bunları bir yerə cəmləyəndə mənə elə gəlir ki, insanların öz nizam-intizamına, öz həyatına və öz təhlükəsizliyinə münasibəti tamamilə dəyişməlidir. Burada söhbət ondan gedir ki, insanlara izah olunmalıdır, göstərilməlidir ki, dənizdə, su sferasında diqqətli olmaq lazımdır. Yenə deyirəm, dənizin suyunun bir hissəsi hələ kifayət qədər soyuqdur, yaxşı qızmayıb. Üstəlik, bu soyuq su dərinliklərdən gəlir. Qıcolmaların əsas səbəblərindən biri də məhz belə hallardır”.

Ekoloq hesab edir ki, Xəzərdə sistemli və ümumi xarakterli hansısa təhlükəli proses olsaydı, bunun əlamətləri bütün Xəzəryanı ölkələrdə özünü göstərərdi. Bu baxımdan o, baş verən faciəvi hadisələrdə əsas səbəblərdən birinin insan faktoru olduğuna əmindir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki