Türkiyədə bir dövr bağlanır! Məşhur serial ekranlarla vidalaşır

Türkiyə televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar" ilə bağlı gözlənilməz qərar verilib. 20 mövsümdür ekranlarda olan məşhur polis serialının final edəcəyi bildirilib.

Referans Media xəbər verir ki, 2006-cı ildən etibarən "Kanal D" ekranlarında yayımlanan serial üçün 21-ci mövsüm planları tamamilə ləğv olunub. Qərarın artıq aktyor heyətinə və texniki komandaya da rəsmi şəkildə bildirildiyi qeyd olunur.

Məlumata görə, serialın yayımını həyata keçirən "D Media" rəhbərliyi layihəni tamamilə bitirmək qərarı qəbul edib. Bununla da illərdir cümə axşamlarının dəyişməz ekran işi olan “Arka Sokaklar”ın televiziya macərası sona çatır.

700-dən çox bölümü yayımlanan serial Türkiyə televiziya tarixində həftəlik yayımlanan ən uzunmüddətli layihələrdən biri kimi rekord qırıb. Layihə illər ərzində milyonlarla izləyicinin diqqətini çəkib və bir neçə nəslin yaddaşında iz buraxıb.

Serialın əsas obrazlarından olan “Rıza Baba”, “Hüsnü Çoban” və “Mesut Komiser” kimi personajlar sosial şəbəkələrdə də fenomenə çevrilmişdi. Xüsusilə illərlə davam edən səhnələr və internet memləri serialı rəqəmsal mədəniyyətin də bir hissəsinə çevirib.

Final qərarının yayılmasından sonra sosial şəbəkələrdə minlərlə istifadəçi təəssüfünü ifadə edib. Bir çox izləyici “uşaqlığımız bitdi” və “bir dövr bağlandı” kimi paylaşımlar edib.

Məlumata əsasən, serialın son bölümünün 2026-cı ilin iyun ayında yayımlanması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki