Türkiyədə təbii fəlakət: Körpü dağıldı, insanlar dağıntı altında qaldı - VİDEO

Türkiyənin Hatay vilayətində təsirli olan güclü yağışlar həyatı iflic edib. Xüsusilə Antakya və Samandağ rayonlarında sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

Referans Media xəbər verir ki, Meteorologiyanın xəbərdarlığından sonra gecə saatlarında başlayan leysan yağışları nəticəsində Antakyada torpaq sürüşməsi baş verib. Dağ yamacından qopan torpaq və qaya parçaları yaşayış evinin üzərinə düşərək binanı dağıdıb.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Dağıntılar altından çıxarılan 3 nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri zamanı 1 nəfərin meyiti tapılıb. Dağıntılar altında daha bir şəxsin qaldığı ehtimal edilir və axtarışlar davam edir.

Güclü yağışlar şəhərin bir çox hissəsində daşqınlara səbəb olub. Antakya dairəvi yolu tamamilə su altında qalıb, sürücülər hərəkətdə ciddi çətinliklərlə üzləşiblər. Sel sularında qalan avtomobillər xüsusi texnika vasitəsilə ərazidən çıxarılıb.

Samandağ rayonunda daşan çay nəticəsində bir neçə avtomobil sel sularına qapılıb. Antakya–Samandağ avtomobil yolundakı körpüdə isə çökmə baş verib.

Bundan başqa, Defne rayonunda su basmış yaşayış binasında köməksiz vəziyyətdə qalan əlil şəxs yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bələdiyyə və fövqəladə hallar xidmətləri bölgədə fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki