Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükü məsələsində əvvəlki qədər fəal mövqe nümayiş etdirmir.
Referans Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ və Avropadakı müttəfiqlər öz milli təhlükəsizlik maraqları və silah ehtiyatlarının azalması səbəbindən məhdud sayda hava hücumundan müdafiə raketlərini Ukrayna ilə bölüşməkdə tərəddüd edirlər.
Məlumata əsasən, bir sıra ölkələr mövcud raket ehtiyatlarını öz müdafiə ehtiyacları üçün saxlamağa üstünlük verir. Bu isə Kiyevin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı müraciətlərinin əvvəlki dövrlərlə müqayisədə daha az dəstək almasına səbəb olur.
Qeyd olunur ki, Ukrayna son aylarda Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumlarının intensivləşməsi fonunda əlavə hava hücumundan müdafiə vasitələrinə ciddi ehtiyac duyduğunu dəfələrlə bəyan edib./Globalinfo.az
