Abşeronda bıçaqlanan direktor müavininin vəziyyəti açıqlanıb.
Referans Media bildirir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 8-i səhər saatlarında qeydə alınıb.
Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib:
“Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
İnsidentlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”.
***12:03
Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.
Referans Media bildirir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov imiş. Yayılan məlumatlara əsasən, Vüqar Qurbanov vəzifəsindən azad olunandan sonra Orxan Qurbanov özü işdən çıxarılmasın deyə qohumluğunu gizlətməkdən ötrü soyadını dəyişərək, Ənvərli edib. Lakin buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.
***11:03
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Referans Media bildirir ki, Lent.az-a daxil olan ilkin məlumata görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
