Xabi Alonso Real Madridin baş məşqçisi təyin olunduqdan sonra ən çox ön plana çıxan futbolçulardan biri Arda Güler olmuşdu. Lakin tanınmış ispan futbol analitiki Maldini, Alonso-nun son qərarlarından sonra gənc futbolçu ilə bağlı narahatedici məqamların ortaya çıxdığını bildirib. Onun fikrincə, ispan mütəxəssis Arda Gülerə olan etimadını tədricən itirməyə başlayıb.
Xabi Alonso rəhbərliyində Real Madriddə Arda Güler mövsümün əvvəlində əsas fiqurlardan biri kimi çıxış edirdi. Klub Dünya Çempionatında Alonso komandanın oyun quruculuğunu ona həvalə etmiş, daha sonra isə Arda üçün meydanda ən uyğun mövqeni müəyyənləşdirmişdi. Ancaq Cud Bellinghamın zədədən qayıtması ilə gənc futbolçunun komandadakı mövqeyi sarsılıb.
Alonso Ardanı artıq “vəzkeçilməz” saymır
Mövsümün ilk mərhələsində Alonso-nun Real Madridinin əsas dayaqlarını Tibo Kurtua, Arda Güler və Kilian Mbappe təşkil edirdi. Bu üç futbolçu şübhəsiz əsas heyətin üzvləri kimi görünürdü. Lakin Real Betisə qarşı keçirilən oyunda Arda Güler-in ehtiyat skamyasında qalması diqqətdən yayınmayıb və bu qərar müəyyən mesaj kimi dəyərləndirilib.
Maldini Real Madridin Betis üzərində qələbəsini şərh edərkən bu məqama xüsusi diqqət çəkib:
“Xabi Alonso start heyətini seçməklə mühüm bir məsələni aydın göstərdi: o, artıq Gülerə əvvəlki qədər güvənmir.”
Analitikin fikrincə, Ardanın ehtiyatda qalması məhz bu etimad azalmasının açıq göstəricisidir.
Maldini: “Həlledici matçda Ardanı ehtiyatda saxladı”
Maldini qeyd edib ki, Alonso Arda Güleri son dərəcə vacib bir oyunda ehtiyatda saxladı. Mümkün məğlubiyyətin ispan mütəxəssisi istefa həddinə gətirə biləcəyi bu qədər kritik qarşılaşmada türk futbolçu əsas seçim olmayıb.
Maldiniyə görə, taleyüklü oyunlarda Ardaya şans verilməməsi onun komanda daxili iyerarxiyada gerilədiyini göstərir.























