Xalq artisti əməliyyat olunacaq

"Aparılan müalicələrimin heç bir əhəmiyyəti olmadı. Buna görə də vəziyyət getdikcə ağırlaşır. Ayaqlarımın tutulması qorxusu yaranıb. Bundan əlavə, son müayinələr zamanı sağ tərəfdən iflic riski olduğu da müəyyən edilib. Həkimlərimin böyük köməyi ilə əvvəllər Amerikada çalışmış, hazırda isə Almaniyada 15 ildir nevroloq kimi fəaliyyət göstərən Turab Qasımov ölkəyə dəvət olundu. O, məni müayinə edən kimi təcili əməliyyat edilməli olduğumu bildirdi".

Referans Media xəbər verir ki, bu sözləri Musavat.com-a Xalq artisti Afaq Bəşirqızı deyib.

Xalq artisti bildirib ki, əməliyyat sabah həyata keçiriləcək: "Artıq sabah əməliyyata girirəm. Həkimlərimlə birlikdə bu xəstəliyə birdəfəlik son qoymaq istəyirik.

Həkimlərim Ağakişi Yəhyayevə, Xəyyam Eyvazova və Barat Yusofova dərin minnətdarlığımı bildirirəm. Həmçinin Turab Qasımov öz təşəbbüsü ilə məni müayinə etdi. Aparılan müayinələrdən sonra belə bir qənaətə gəlindi ki, tətbiq olunan müalicə üsulları artıq nəticə verməyəcək. Problemin aradan qaldırılması üçün yeganə çıxış yolu riskli cərrahi əməliyyatdır. Buna görə də həkimlərimin qərarı ilə əməliyyata razılıq vermişəm.

Açığı, əməliyyat çox risklidir. Onurğamın yenidən açılması nəzərdə tutulur. Bu, artıq dördüncü əməliyyat olacaq. Buna baxmayaraq, özümü etibarlı əllərdə hiss edirəm. Əminəm ki, əməliyyatım uğurla keçəcək və hər şey yaxşı olacaq".

Qeyd edək ki, Afaq Bəşirqızı bundan əvvəl də onurğa sütunundan bir neçə dəfə əməliyyat olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki