İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV və AZƏRTAC-a geniş müsahibəsində ölkəmizin iqtisadi inkişaf strategiyası, qeyri-neft sektorunun rolu və gələcək prioritetlər barədə mühüm mesajlar verib. O bildirib ki, 2025-ci ilin yekunlarına görə, ÜDM-in 71,5 faizi artıq qeyri-neft sektorunun payına düşür. Bu da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələri göstərir.
Nazirin sözlərinə görə, son altı ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb, cari ilin ilk dörd ayında isə bu göstəricidə 17 faizdən çox yüksəliş qeydə alınıb.
Referans Media bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, son illərdə Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz sektoruna söykənirdi:
“Uzun müddət ixracın 80 faizdən çoxunu məhz neft və neft məhsulları təşkil edib. Lakin zaman keçdikcə neft hasilatının azalması ixracın həcminə, nəticə etibarı ilə iqtisadi artım tempinə də təsir göstərməyə başlayıb. Müşahidə olunan artım tempinin zəifləməsinin əsas səbəblərindən biri də məhz budur. Bu baxımdan artıq əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəlməlidir. İqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, neft sektorundakı azalmalar investisiyalara və digər makroiqtisadi göstəricilərə də təsir edib”.
İqtisadçı qeyd edib ki, uzun illər neft gəlirlərinə əsaslanan iqtisadi model müəyyən vergi güzəştlərinin və digər stimullaşdırıcı mexanizmlərin tətbiqini də məhdudlaşdırırdı:
“Çünki təbii resursların istismarına əlavə güzəştlər verməyə ciddi ehtiyac yox idi. Lakin artıq yeni mərhələyə keçirik və bu şəraitdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək yeni iqtisadi doktrinanın hazırlanması məqsədəuyğun olardı. Bu gün ölkələr arasında rəqabət getdikcə güclənir. Ona görə də vergi siyasəti, güzəştli kreditlər, sahibkarlığın dəstəklənməsi və xüsusilə ixracyönümlü qeyri-neft sahələrinin stimullaşdırılması istiqamətində daha çevik alətlərdən istifadə edilməlidir. Məhz bu yanaşma iqtisadiyyatın dayanıqlığını artıracaq və neftdən asılılığın azalmasına xidmət edəcək. Hesab edirəm ki, artıq neftdən sonrakı dövrün tələblərinə uyğun, qeyri-neft iqtisadiyyatını əsas prioritet kimi müəyyən edən yeni iqtisadi doktrinanın qəbul edilməsinin vaxtı çatıb”.
İqtisadçı Akif Nəsirli isə bildirib ki, nazirin diqqət çəkdiyi iqtisadi artımın zəifləməsi bir sıra daxili və xarici amillərlə bağlıdır:
“Dövlət investisiya layihələrinin icrasının təxirə salınması iqtisadi fəallığın azalmasına səbəb olan amillərdən biri hesab edilir. Belə layihələr tikinti, nəqliyyat, sənaye və xidmət sektorlarında əlavə tələb yaratdığı üçün onların gecikməsi iqtisadi artım tempinə mənfi təsir göstərə bilər. Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənliklər, beynəlxalq ticarətdə zəifləmə və enerji bazarlarındakı dəyişikliklər də iqtisadi artıma təsir göstərir. Neft hasilatının və ixracatının azalması bu göstəriciyə təsir edən əsas amildir”.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son illərdə şaxələndirilsə də, enerji sektorunun rolu hələ də yüksək olaraq qalır:
“Bu sahədəki dəyişikliklər ümumi iqtisadi göstəricilərə təsir edir. Digər səbəblər arasında özəl investisiyaların gözlənilən səviyyədə artmaması, bəzi sahələrdə istehlak tələbinin zəifləməsi, yüksək istehsal xərcləri və biznes mühitində mövcud problemlər də var. Həmçinin qlobal inflyasiya meyilləri və maliyyə bazarlarındakı dəyişikliklər sahibkarların investisiya qərarlarına təsir edərək iqtisadi fəallığı məhdudlaşdıra bilər”.
