Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.
Referans Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində “Nizami”–”28 May” arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu müddətdə “Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız “Nizami” stansiyasına qədər təşkil ediləcək.
B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri “Yaşıl” və “Qırmızı” xətlərin “28 May” stansiyasında kəsişərək birləşməsidir:
“Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir”.
Onun sözlərinə görə, ilk olaraq “Dərnəgül” stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq: “Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.
“28 May” stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür”.
B. Məmmədovun qeyd edib ki, tikinti dövründə “Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar “İçərişəhər”–”Həzi Aslanov” marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, “28 May” stansiyası da normal rejimdə işləyəcək. Lakin “28 May”–”Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən “Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq “Dərnəgül”–”Nizami” marşrutu üzrə hərəkət edəcək.
Layihə tamamlandıqdan sonra isə qatarlar “Dərnəgül”–”Nizami”–”Cəfər Cabbarlı”–”Xətai” marşrutu ilə hərəkət edəcək.
B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər “Yaşıl xətt”dən “Qırmızı xətt”ə “Cəfər Cabbarlı”–”28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə “28 May”–”Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə edə biləcəklər.
Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.
Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: “Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.
Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, “Xətai” stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək”.
