Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalarla icbari sığorta sistemində sığortalılar və sığorta olunanlar barədə daha geniş məlumatların uçota alınması nəzərdə tutulur. Dəyişikliklərin əsas məqsədi sığorta sistemində şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və sığorta haqlarının daha dəqiq uçotunun təmin edilməsidir. Mütəxəssislər hesab edirlər ki, yeni mexanizmlər düzgün tətbiq olunacağı təqdirdə həm sığorta bazarının dayanıqlığını artıracaq, həm də qeyri-rəsmi məşğulluğun azaldılmasına töhfə verəcək.
Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaları ümumilikdə müsbət qiymətləndirir.
Onun sözlərinə görə, sığortalılar və sığorta olunanlar barədə daha geniş məlumatların vahid qaydada uçota alınması icbari sığorta sistemində şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində mühüm addımdır.
"Bu gün rəqəmsal iqtisadiyyatda məlumat ən dəyərli resurslardan biridir. Məlumat nə qədər tam və etibarlı olarsa, sığorta haqları da bir o qədər düzgün hesablanar, risklər daha obyektiv qiymətləndirilər və sığorta ödənişləri daha operativ həyata keçirilər. Nəticədə həm sığorta şirkətlərinin maliyyə dayanıqlığı möhkəmlənər, həm də vətəndaşların hüquqları daha etibarlı şəkildə qorunar.
Digər mühüm məqam kölgə iqtisadiyyatının azaldılması ilə bağlıdır. Dəqiq uçot sistemi əmək münasibətlərinin və sığorta ödənişlərinin daha şəffaf aparılmasına imkan verəcək. Bu isə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına, əməkhaqqının düzgün bəyan edilməsinə və sosial sığorta ödənişlərinin tam həcmdə formalaşmasına müsbət təsir göstərəcək.
Hər bir islahatın tətbiq mərhələsində müəyyən çətinliklər olur. Xüsusilə işəgötürənlər üçün ilkin mərhələdə əlavə məlumatların təqdim edilməsi müəyyən inzibati yük yarada bilər. Lakin bu yük uzunmüddətli xarakter daşımamalıdır. Əgər dövlət qurumlarının informasiya sistemləri tam inteqrasiya olunarsa, məlumatlar avtomatik mübadilə edilərsə və sahibkarlardan eyni məlumatın təkrar təqdim edilməsi tələb olunmazsa, inzibati xərclər minimuma enəcək.
Rəqəmsallaşmanın əsas məqsədi yeni bürokratik prosedurlar yaratmaq deyil, əksinə, onları aradan qaldırmaqdır. Buna görə də yeni qaydaların tətbiqi zamanı elektron xidmətlərin genişləndirilməsi, dövlət informasiya sistemlərinin inteqrasiyası və şəxsi məlumatların qorunması prioritet olmalıdır.
Ümumilikdə, bu dəyişikliklər düzgün tətbiq olunacağı təqdirdə icbari sığorta bazarında şəffaflığın artmasına, maliyyə intizamının möhkəmlənməsinə, sığorta haqlarının düzgün uçotuna və sektora olan etimadın daha da yüksəlməsinə ciddi töhfə verəcək. İslahatın əsas uğuru isə yeni məlumatların toplanmasında deyil, həmin məlumatların düzgün idarə edilməsində, təhlükəsizliyinin təmin olunmasında və iqtisadi qərarların qəbulunda səmərəli istifadəsində olacaq", – deyə iqtisadçı vurğulayıb.
Gülnaz Abdullazadə
