TƏCİLİ! Bakıda bu Universitet bağlandı – Tələbələrin və məzunların taleyi bəlli oldu!

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərardan sonra burada təhsil alan tələbələrin və məzunların gələcək taleyi ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi dövlət tərəfindən tənzimlənəcək və məzunların diplomlarının hüquqi qüvvəsi ilə bağlı hər hansı problem yaranmayacaq.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Bakı Qızlar Universitetinin bağlanmasından sonra burada təhsil alan tələbələrin taleyi dövlət tərəfindən müvafiq qaydada tənzimlənəcək.

Onun sözlərinə görə, tələbələrin ilk növbədə özəl ali təhsil müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulur.

"İlk növbədə tələbələr əsasən özəl ali təhsil müəssisələrinə yerləşdiriləcəklər. İstisna hallarda isə hər hansı özəl ali təhsil müəssisəsinin mövcud tədris imkanları və ya plan yerləri uyğun gəlməzsə, bəzi tələbələr dövlət ali təhsil müəssisələrinə köçürülə bilərlər.

Bununla bağlı Elm və Təhsil Nazirliyi, eyni zamanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbələrin yerləşdirilməsi növbəti tədris ili – 2026–2027-ci tədris ili başlanana qədər həyata keçiriləcək.

Bu tələbələr dövlət tərəfindən qəbul olunduqları üçün onların yerləşdirilməsi də dövlət tərəfindən təmin ediləcək. Hər hansı tələbənin kənarda qalması, ixtisasının və ya təhsilinin tanınmaması mümkün deyil.

Əvvəlki illərdə universiteti bitirmiş məzunların diplomları da tanınır və bundan sonra həmin diplomların tanınmaması üçün hər hansı hüquqi əsas yoxdur. Buna görə də Bakı Qızlar Universitetinin məzunları narahatlıq keçirməməlidirlər. Dövlət onların təhsilinə və verilmiş ali təhsil sənədlərinə təminat verir", – deyə təhsil eksperti vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki