Finlandiyada parlament üzvlərinin evlərinə müəmmalı şəkildə qanunsuz daxilolmalar ciddi narahatlıq yaradıb.
Hadisələrin adi oğurluq olmadığına dair şübhələr artır.
Finlandiya parlamentinin 10-dan çox deputatı evdə olmadıqları vaxt mənzillərinə və ya evlərinə naməlum şəxslərin daxil olduğunu bildirib.
Hadisələrin ən qəribə tərəfi odur ki, qapıların sındırılması və ya qıfılların zorlanması ilə bağlı aşkar izlərə rast gəlinməyib. Evlərdən qiymətli əşyaların oğurlanmadığı da bildirilir.
Lakin naməlum şəxslər evlərdə olduqlarını açıq şəkildə göstərən izlər buraxıblar. Bəzi hallarda işıqlar yandırılıb, bəzi evlərin qapıları isə taybatay açıq saxlanılıb.
Finlandiya parlamentinin spikeri Yussi Halla-aho bunun adi oğurluq cəhdi olmadığı qənaətindədir. Onun fikrincə, izlərin qəsdən buraxılması deputatlara yönəlmiş bir növ “xəbərdarlıq” ola bilər.
Baş nazir Petteri Orpo da vəziyyəti son dərəcə ciddi adlandırıb. Ondan hadisələrin arxasında xarici xüsusi xidmət orqanlarının dayanmasının mümkün olub-olmadığı soruşulduqda Orpo bunun “tamamilə mümkün” olduğunu bildirib.
Finlandiya polisi müəmmalı hadisələrlə bağlı genişmiqyaslı araşdırmaya başlayıb./Musavat.com
