Olisedən yeni rekord: Bazar dəyəri 180 milyon avroya çatdı

“Bayern Münhen”in fransalı futbolçusu Maykl Olise karyerasında növbəti mühüm göstəriciyə imza atıb. 24 yaşlı hücumçunun bazar dəyəri 10 milyon avro artaraq 180 milyon avroya yüksəlib.

Referans Media xəbər verir ki, “Transfermarkt”ın məlumatına görə, Olise bununla Bundesliqada özünə məxsus bazar dəyəri rekordunu yeniləyib. Futbolçu daha əvvəl 170 milyon avroluq göstərici ilə Bundesliqada rekord müəyyənləşdirmişdi. Bu nəticəyə qədər rekord 2021-ci ildə Dortmund “Borussiya”sının heyətində 150 milyon avro dəyərləndirilən Erlinq Haalanda məxsus idi.

Olise yeni mövsümə də yüksək səviyyədə başlayıb. Fransa millisinin Belçikaya 1:0 hesabı ilə qalib gəldiyi oyunda komandasının yeganə qolunu vuran futbolçu rəsmi matçlarda keçirdiyi 9-cu qarşılaşmada 9-cu qolunu vurub. O, bu görüşlərdə 5 məhsuldar ötürmə də edib.

Fransanın baş məşqçisi Zinəddin Zidan da Belçika ilə oyundan sonra Olise haqqında yüksək fikirlər səsləndirib.

“O, tamamilə təbii istedaddır və sadəcə futbol oynamağı sevir. Bu, açıq şəkildə görünür. Oyunu hiss edir. Onun yanında olmaqdan məmnunam”, – deyə Zidan bildirib.

Olise “Bayern Münhen”də də məhsuldarlığı ilə diqqət çəkir. O, cari mövsümdə Almaniya klubunun heyətində artıq 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Union Berlin”ə qarşı 7:0 hesablı qələbədə het-trik edən futbolçu “Bayern”in idman idarə heyətinin üzvü Maks Eberlinin də diqqətini çəkib. Eberl onu “Qızıl top” mükafatına namizədlər sırasında göstərib.

Olise ilə yanaşı onun komanda yoldaşı Harri Keyn də “Qızıl top”un 30 namizədi arasındadır. Eberl ingiltərəli hücumçunun şanslarını yüksək qiymətləndirsə də, Olisenin də dünyanın ən yaxşı futbolçuları sırasına daxil olduğunu bildirib.

“Maykl da futbol oynama tərzi ilə bu çevrəyə daxil olur. Mənim üçün o, şübhəsiz ki, dünyanın ən yaxşı futbolçuları arasındadır”, – deyə Eberl qeyd edib.

“Transfermarkt”ın hazırkı göstəricilərinə əsasən, Olise 180 milyon avroluq bazar dəyəri ilə dünyanın ən bahalı futbolçuları arasında yer alır. Lamin Yamal və Erlinq Haalandın dəyəri 220 milyon, Kilian Mbappenin 200 milyon avro göstərilir.

Olisenin ötən mövsümdəki statistikası da onun yüksəlişini təsdiqləyir. O, dünya çempionatında 5 məhsuldar ötürmə ilə yadda qalıb, mövsümün sonunda isə “Bayern”in heyətində ümumilikdə 53 qol iştirakına imza atıb./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki