ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) yeni sədrliyinə namizəd göstərəcəyi şəxsin adını bu gün açıqlayacağını bildirib. Trampın bu açıqlaması ABŞ maliyyə bazarlarında və beynəlxalq iqtisadi dairələrdə ciddi maraq doğurub.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti bu barədə həyat yoldaşı Melania Trampın adını daşıyan “Melania” filminin Vaşinqtonda, Kennedi Mərkəzində keçirilən qala nümayişinə qatılarkən jurnalistlərin suallarını cavablandırıb. FED sədrliyinə namizədin hansı gün elan ediləcəyi ilə bağlı suala Tramp “sabah səhər”, yəni bu günü nəzərdə tutaraq cavab verib.
Qeyd edək ki, Trampın bu açıqlaması Ağ Evdə keçirilən 2026-cı ilin ilk Nazirlər Kabineti iclasından cəmi bir neçə saat sonra səsləndirilib. Həmin iclasda ABŞ Prezidenti FED sədrliyinə namizədin adının gələn həftə açıqlanacağını bildirmişdi. Bu isə Trampın qərarını gözləniləndən daha tez elan edəcəyinə işarə kimi qiymətləndirilir.
Mətbuatda yayılan məlumatlara görə, Donald Trampın FED sədrliyi üçün namizəd göstərə biləcəyi şəxslər arasında Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett, FED İdarə Heyətinin üzvü Kristofer Uoller, FED-in keçmiş İdarə Heyətinin üzvü Kevin Uorş, eləcə də dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan “BlackRock”da rəhbər vəzifədə çalışan Rik Riederin adı çəkilir.
Yeni FED sədrinin kim olacağı ABŞ-ın pul-kredit siyasətinin gələcək istiqamətləri baxımından həlledici əhəmiyyət daşıdığından, Trampın bu gün edəcəyi açıqlama diqqətlə izlənilir.
