“Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci turunda İngiltərənin “Aston Villa” klubuna 0:6 hesabı ilə məğlub olması Avropa mətbuatında geniş əks-səda doğurub.
Referans Media xəbər verir ki, İngiltərə, Fransa, İspaniya və Almaniya nəşrləri İstanbul təmsilçisinin ağır məğlubiyyətini manşetlərə çıxarıb, komandanın oyununu sərt ifadələrlə tənqid ediblər.
İngiltərə mətbuatı “Fənərbaxça”nı tənqid etdi
“Mirror” qəzeti “Aston Villa”nın inamlı çıxışına diqqət çəkərək, Nikolas Cekson və Barklinin hərəyə iki qol vurduğunu və Türkiyə nəhənginin darmadağın edildiyini yazıb.
“The Sun” isə “Aston Villa”nın “Villa Park”da keçirilən Çempionlar Liqası matçında “Fənərbaxça”nı ağır məğlubiyyətə uğratdığını vurğulayıb.
BBC İngiltərə klubunun mövsümdə öz meydanında ilk qələbəsini qazandığını qeyd edib. “The Telegraph” isə “Aston Villa”nın qarşılaşmaya başdan sona nəzarət etdiyini yazıb.
“The Guardian”ın diqqət çəkdiyi məqamlardan biri də “Aston Villa”nın Çempionlar Liqasında ən böyükhesablı qələbə rekordunu yeniləməsi olub. Nəşr Türkiyə təmsilçisinin rəqibin sürətli hücumları və fiziki üstünlüyü qarşısında yetərincə müqavimət göstərə bilmədiyini bildirib.
Fransa mətbuatından sərt qiymətləndirmə
Fransanın “Foot Mercato” nəşri “Aston Villa rəqibini tamamilə əzib keçdi” başlığından istifadə edib. “L’Équipe” isə qarşılaşmanı “Aston Villa ‘Fənərbaxça’nı məğlub etdi” ifadəsi ilə təqdim edib.
“So Foot” nəşri də İstanbul klubunun ağır yenilgisini diqqətə çatdıraraq komandanın İngiltərə təmsilçisi qarşısında aciz qaldığını yazıb.
İspanlardan diqqətçəkən bənzətmə
İspaniyanın “AS” qəzeti “Aston Villa”nın oyununu buldozerə bənzədib. Nəşr Unay Emerinin komandasının rəqibinə qarşı böyük üstünlük nümayiş etdirdiyini bildirib.
“Marca” da “Aston Villa”nın Türkiyə təmsilçisini darmadağın etdiyini yazaraq matçın nəticəsini ön plana çıxarıb.
Alman mətbuatı da 0:6 hesabını gündəmə gətirdi
Almaniyanın “Kicker” idman nəşri də “Fənərbaxça”nın ağır məğlubiyyətinə geniş yer ayırıb və İngiltərə klubunun üstün oyununu vurğulayıb.
Beləliklə, “Fənərbaxça”nın “Aston Villa”ya 0:6 hesabı ilə uduzması Avropanın aparıcı idman nəşrlərinin əsas müzakirə mövzularından birinə çevrilib.
