İtaliano əsəblərini cilovlaya bilmədi: “Beşiktaş”ın məğlubiyyətlərinin səbəbi bəlli oldu?

Türkiyə Super Liqasının VIII turunda səfərdə “Trabzonspor”a 0:2 hesabı ilə məğlub olan “Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtaliano qarşılaşmadan sonra açıqlamalar verib.

Referans Media xəbər verir ki, İtalyan mütəxəssis səfər oyunlarında yaşadıqları uğursuzluqların artıq onu həm əsəbiləşdirdiyini, həm də yorduğunu bildirib. O, bu problemin qısa zamanda həll edilməli olduğunu vurğulayıb. İtaliano matçın nəticəsindən narazı qalsa da, komandasının oyununu müsbət qiymətləndirib. Onun sözlərinə görə, “Beşiktaş” topa daha çox sahib olub, rəqibə az qol imkanı verib və təhlükəli hücumlar təşkil edib.

“Bu günkü performansdan çox razıyam. Mənfi oyun sərgilədiyimizi düşünmürəm. Sadəcə nəticə bizim üçün mənfi oldu. Daha diqqətli olsaq, bu problemləri həll edə bilərik. Qarşımızda böyük potensial var və çalışaraq daha yaxşı nəticələr əldə edə bilərik”, – deyə baş məşqçi bildirib.

İtaliano komandanın kapitanı Orkun Kökçünün yoxluğunun da hiss olunduğunu deyib. O, futbolçunu əsl lider və çempion adlandıraraq xüsusilə son ötürmələrdə və zərbələrdə onun çatışmazlığının özünü göstərdiyini qeyd edib. Baş məşqçinin fikrincə, Orkunun meydanda olması matçın nəticəsinə təsir göstərə bilərdi.

İtaliano “Beşiktaş”ın ev və səfər oyunlarında fərqli çıxış etməsini qəbuledilməz hesab etdiyini bildirib.

“Azarkeşləriniz yanınızda olmadığı zaman qalib gələ bilməmək, məncə, qəbuledilən deyil. Böyük komandadırsa, evdə necə oynayırsınızsa, səfərdə də elə oynamalısınız. Hər yerdə eyni səviyyəni göstərməlisiniz”, – deyə o vurğulayıb.

Mütəxəssis səfər oyunlarındakı problemlərin səbəbləri arasında xarakter, konsentrasiya və qərarvermə səhvlərini göstərib.

“Səfərdə məğlub olmaq məni artıq həqiqətən əsəbiləşdirməyə başlayıb. Bunun məni yorduğunu da deyə bilərəm. Bu, qəbuledilməzdir. Problemi dərhal həll etməliyik. Bunu edəcək şəxslər mən və komandamdır. Bir komandanın evdə fərqli, səfərdə fərqli oynaması əsla qəbul edilə bilməz”, – İtaliano fikirlərini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki