Sergen Yalçın millinin 11 ulduzunu tənqid etmişdi: Arda Güler, Kenan Yıldız, Hakan Çalhanoğlu…

Türkiyə millisinin yeni baş məşqçisi vəzifəsinə gətirildiyi bildirilən Sergen Yalçının şərhçi olduğu dövrdə milli futbolçular haqqında səsləndirdiyi sərt fikirlər yenidən gündəmə gəlib. Kenan Yıldızdan Arda Gülerə, Ferdi Kadıoğlundan Hakan Çalhanoğluna qədər bir sıra tanınmış futbolçuları tənqid edən mütəxəssisin açıqlamaları diqqət çəkib.

Referans Media xəbər verir ki, Sergen Yalçın gənc futbolçu Kenan Yıldızın ulduz kimi təqdim edilməsinə etiraz edərək onun haqqında “Kenanda heç bir ulduz xüsusiyyəti yoxdur” ifadəsini işlədib. O, başqa bir açıqlamasında da Kenan Yıldızın Arda Gülerlə eyni səviyyədə olmadığını müdafiə edib.

Yalçın Avro-2024-də Arda Gülerin çıxışını dəyərləndirərkən “Belə oyunlarda təkcə bir qol vurmaqla olmur” deyib. O, özünün 18 yaşındakı dövrü ilə Arda Güler arasında müqayisə apararaq həmin yaşda özünün daha yaxşı futbolçu olduğu mənasına gələn fikirlər səsləndirib.

Ferdi Kadıoğlunun İngiltərə Premyer Liqası üçün kifayət qədər fərqlənən futbolçu olmadığını düşünən Yalçın, onun haqqında “Ferdi də Premyer Liqa üçün sıradan oyunçudur” ifadəsini işlədib. Semih Kılıçsoy barədə isə “Çox şişirdildi. O qədər böyüdüləcək futbolçu deyil” deyə danışıb.

Sergen Yalçın keçmiş açıqlamalarında Cengiz Ünderin ulduz futbolçu olmayacağını, Oğuzhan Özyakupun ulduz olmadığını, Emre Morun isə çox yaxşı oyunçu sayılmadığını bildirib.

Hakan Çalhanoğlunun müdafiə oyununu tənqid edən Yalçın “Hakanın müdafiəsi o qədər də yaxşı deyil” deyib. Orkun Kökçü haqqında isə “Mənə altı nömrə mövqeyində sənin kimi oyunçu lazım deyil. Mənə problemləri həll edəcək futbolçu lazımdır” fikrini səsləndirib.

Sergen Yalçın Barış Alper Yılmazın çıxışını dəyərləndirərkən onun normal səviyyəsindən xeyli geri qaldığını bildirib. Yunus Akgün barədə isə “Yunus Akgün çox formsuzdur” deyib.

Sergen Yalçının tənqidləri yalnız futbolçularla məhdudlaşmayıb. O, baş məşqçi Nuri Şahinə müraciətində “Nuri qardaşım, məndə apoletlər var, səndə nə var? Hansı uğurun var?” ifadələrini işlədib.

Yalçının keçmişdə səsləndirdiyi bu fikirlər Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirildiyi barədə xəbərlərdən sonra yenidən müzakirə mövzusuna çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki