“Qalatasaray”ın UEFA Çempionlar Liqasında “Lill”lə keçirəcəyi qarşılaşma öncəsi Fransadakı təhlükəsizliklə bağlı narahatlıqlar gündəmə gəlib. Ölkədə davam edən etirazlar və baş verən hadisələr səbəbindən İstanbul təmsilçisinin UEFA-ya müraciət edərək komandanın təhlükəsizliyinin gücləndirilməsini istədiyi bildirilir.
Referans Media xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Fransadakı vəziyyəti yaxından izləyir və qarşılaşma öncəsi təhlükəsizlik tədbirlərinin artırılması üçün UEFA ilə əlaqə saxlayıb.
Klubun futbolçuların, məşqçilər heyətinin və azarkeşlərin təhlükəsizliyinin təmin olunmasını, eləcə də komandanın qalacağı oteldən stadiona qədər bütün marşrut üzrə lazımi tədbirlərin görülməsini tələb etdiyi qeyd olunur. Xəbərdə Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə Fransadakı vəziyyətlə bağlı məlumat alındığı bildirilir. Türkiyənin Parisdəki səfirliyinin də komandanın təhlükəsizliyi məsələsində Fransa rəsmiləri ilə əlaqə saxladığı iddia olunur.
Fransa mətbuatına istinadən yayılan məlumatlarda “Qalatasaray”ın təhlükəsizliyi üçün genişmiqyaslı tədbirlərin planlaşdırıldığı iddia edilir. Məlumata görə, komandanın qalacağı otelin damında 6 snayperin yerləşdirilməsi, Fransa Quru Qoşunlarının 250 xüsusi hazırlıqlı hərbçisinin də təhlükəsizlik tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
İddialara əsasən, komandanın mühafizəsində hərbçilərlə yanaşı, 1000 nəfərlik Milli Jandarma və mühafizə bölməsinin də iştirak etməsi planlaşdırılır. “Qalatasaray” heyətinin Fransaya səfəri öncəsi bu tədbirlərin görüləcəyi bildirilsə də, Fransa rəsmiləri tərəfindən məlumatların rəsmi təsdiqi yoxdur.
