Türkiyəli aktrisa və komediya ustası Gupse Özay “Deliha” filmlərində canlandırdığı obraz üçün kökəldikdən sonra ciddi sağlamlıq problemləri yaşadığını açıqlayıb. Aktrisa hər iki film üçün 23 kilo aldığını, ikinci filmdən sonra isə əvvəlki çəkisinə qayıtmaqda çətinlik çəkdiyini bildirib.
Referans Media xəbər verir ki, Gupse Özay Ayşe Armanın proqramında qonaq olarkən bu prosesin onun sağlamlığına təsirlərindən danışıb. O, 2014-cü ildə ekranlara çıxan ilk “Deliha” və 2018-ci ildə yayımlanan “Deliha 2” filmləri üçün hər dəfə 23 kilo çəki aldığını deyib. Aktrisanın sözlərinə görə, ilk filmdən sonra aldığı çəkini verə bilsə də, ikinci filmdən sonra eyni nəticəni əldə edə bilməyib. Problemin həlli üçün Taylanda gedərək detoks düşərgəsinə qatılıb, lakin gözlədiyi nəticəni ala bilməyib.
Özay həkim müayinəsi zamanı qalxanabənzər vəzlə əlaqəli TSH göstəricisinin 185 olduğunu öyrəndiyini bildirib. O, həmin dövrdə mədəaltı vəzi və qan şəkəri ilə bağlı da problemlər yaşadığını söyləyib. Aktrisa yaşadığı çətin günləri belə ifadə edib: “Həyatım alt-üst olmuşdu, məhv oldum”.
Gupse Özay yaşadığı sağlamlıq problemlərindən sonra rollar naminə bədənində bu cür ciddi dəyişikliklər etməməyə qərar verdiyini bildirib.
Bununla belə, aktrisa “Deliha” filmləri üçün aldığı çəkidən peşman olmadığını vurğulayıb: “O vaxt etmişik, yaxşı ki, etmişik”.
Qeyd edək ki, TSH qalxanabənzər vəzinin fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan mühüm göstəricilərdən biridir. Onun yüksək olması müxtəlif səbəblərlə bağlı ola bilər və nəticə həkim tərəfindən digər müayinələrlə birlikdə qiymətləndirilməlidir.
