“Əminəm ki, bu forum çərçivəsində azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma fəaliyyətləri barədə çoxlu müzakirələr aparılır. Bu proses mövcud təzyiqin böyük bir hissəsini aradan qaldıracaq, çünki 30 ildən çox vaxt keçdikdən sonra bir çox insan, nəhayət, öz yurduna qayıdır”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin fikrincə, səhiyyə və təhsil təminatından tutmuş qeyri- formal iqtisadiyyata qədər bu məsələlər bugünkü sessiyada ətraflı müzakirə olunacaq. Son illərdə biz çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində də bir sıra addımlar atmışıq. Həmçinin əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər” - deyə o əlavə edib. Amnistiya qanunsuz tikintilərin artmasına gətirib çıxarırmı?
Referans Media xəbər verir ki, tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, nazirlik tərəfindən faktiki olaraq qanunvericilik funksiyasını öz üzərinə götürərək müəyyən şəxslərin əmlaklarına amnistiya tətbiq edib:
“Əslində, bizdə həmişə şübhələr var idi ki, kimlərəsə bizə məlum olmayan meyarlar əsasında bu məsələlərdə müəyyən güzəştlər edilir. Yəqin ki, hamımız başa düşürük niyə bəzi adamlara belə “xidmətlər” göstərilib. Təbii ki, söhbət qanunsuz tikilmiş evlərin və digər daşınmaz əmlakın Dövlət Daşınmaz Əmlak Reyestrində qeydiyyata alınması ilə bağlı məsələlərdən gedir. Bizim mövqeyimiz həmişə belə olub ki, bu proses şəffaf olmalıdır. Hamıya eyni qayda tətbiq edilməlidir. Hörmətli nazir hansı amnistiyadan danışır? Hanı həmin meyarlar? Harada üzə çıxdı amnistiya?”
Əkrəm Həsənov deyib ki, qanunsuz ev inşa etmək cinayət hesab olunur: “Bu məsələ yalnız qanunla həll oluna bilər. Çünki qanunsuz tikinti cinayət məsuliyyəti yaradan hallara aid edilir. Hansı hallarda qanunsuz tikiliyə güzəşt ediləcəyi də qanunla müəyyən olunmalıdır. Əks halda, qanunsuz güzəştlər yeni qanunsuz tikililərin sayını daha da artıracaq. Çünki hamı görür ki, kimsə bunu edib və sonradan leqallaşdırıb. Onda başqası da düşünür ki, “mən də edim, sonra sənədini alaram”.
Mən həmişə təklif etmişəm ki, bu məsələ qanunla tənzimlənsin, meyarlar açıq şəkildə, dəqiq göstərilsin və bəyan edilsin. Yəni deyilsin ki, indiyədək mövcud olan tikililər üçün amnistiya tətbiq olunur, amma bundan sonra qanunsuz tikinti aparan şəxslər cinayət məsuliyyəti daşıyacaq. Bu məsələ məhz belə həll edilməli idi. İndi isə nazir Afrikadan gəlmiş qonaqların qarşısında əmlak amnistiyasından danışır. Mümkündür ki, afrikalılar buna inanır. Amma biz də buradayıq, bu sözləri eşidirik və təəccüblənirik. Azərbaycanda əmlak amnistiyası nə vaxt verilib ki?”
Ümumiyyətlə, bu problemin həlli niyə bu qədər çətinləşdirilir? Azərbaycanda “kupça” problemini həll etmək doğrudan da bu qədər çətindirmi? Dövlət niyə 1 milyona yaxın vətəndaşın “kupça” problemini həll etməyə bu qədər tərəddüd edir?
Əkrəm Həsənov deyir ki, Azərbaycanda “kupça” probleminin həlli ilk növbədə məmurlara sərf etmir: “Açıq görünür ki, “kupça” problemi korrupsiya mənbəyidir. Deyir ki, biz güzəşt etmişik, amnistiya olub. Əmlak amnistiyası nə vaxt oldu? Kimlərə tətbiq olunub o güzəştlər? Adını amnistiya qoyduqlarının adını mən korrupsiya qoyuram. Kimlərəsə güzəşt ediblərsə, bu qanunsuz olub. Bakının rayonları götürək. Təsəvvür edin ki, bir vətəndaşın evi qanunsuz tikilən və minlərlə evin yerləşdiyi massivin tən ortasındadır. Massivdə minlərlə ev və ailə yaşayır. Ətraf evlərə “kupça” verilir, ortada olan, dörd bir tərəfində “kupça” verilmiş ev olan bir evə isə “kupça” verilməsindən imtina olunur. Bu, vətəndaşlar arasında ayrı-seçkilikdir. Azərbaycanda daşınmaz əmlakın reyestri qapalıdır. Bütün sivil ölkələrdə, hətta Rusiya kimi qeyri-sivil ölkədə belə daşınmaz əmlakın reyestri açıqdır. Hər bir kəs daşınmaz əmlakın reyestrinə daxil olmaqla görə bilir ki, ev tikmək planlaşdırdığı ərazidə kimlərin evi var və ərazidə neft, su, qaz, elektrik və s kommunikasiya xətləri keçirmi? Bu məsələ şəffafdır.
Azərbaycanda isə daşınmaz əmlakın reyestri qapılıdır və ən böyük korrupsiya mənbəyidir. Azərbaycan vətəndaşı yaşadığı evi Azərbaycan dövlətinə tanıda bilmir. Bu, sivil dövlət adına yaraşmayan bir məsələdir”.
Əkrəm Həsənov deyir ki, Azərbaycanda məmurları şəxsi maraqlarından çıxış etməklə bu məsələ ilə bağlı “yuxarı” doğru məruzələr etmədiklərindən bu gün ölkə vətəndaşı “kupça” problemi ilə üz-üzədir: “Azərbaycanda Bakının Baş Planı işlənib hazırlanıb və təsdiq olunub. Dəqiq bilinir ki, harada, nə inşa olunacaq. Yəni harada ki, tikintilər planlaşdırılır, o ərazilər müəyyəndir. Qalan ərazilərdə vərəndaşların min bir zəhmət hesabına tikdikləri evlərə əmlak amnistiyası tətbiq olunmalıdır. Nəhayət ki, Azərbaycan dövləti öz vətəndaşının əmlakını leqallaşdırılmasını təmin etməlidir”.
