Kamal Kılıçdaroğlu CHP sədrliyinə qaytarıldı - Özündən ilk açıqlama

Məhkəmə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib.

Referans Media xəbər verir ki, məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrinin ləğvindən sonra Kamal Kılıçdaroğlu ilə yanaşı, onun komandasının üzvləri də yenidən vəzifələrində bərpa ediləcək.

Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.

Məhkəmə qərarının açıqlanmasından sonra Kılıçdaroğludan ilk açıqlama gəlib:

“Türkiyə və CHP üçün xeyirli olsun. Bütün partiya üzvləri qərarı sakitliklə qarşılamalıdır. Partiyamız çox böyük partiyadır. Partiyamız öz problemlərini öz daxilində həll edəcək”.

Özgür Özəl də məsələ ilə əlaqədar sosial media hesabında açıqlama verib:

“Mən sizə hakimiyyətə gül bağçasından keçərək çatmağı vəd etmirəm. Mən sizə əzablara dözməyi, amma təslim olmamağı vəd edirəm. Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm”.

Türkiyənin ədliyyə naziri Akın Gürlek məhkəmə qərarı ilə bağlı hüquqi prosesin CHP üzvlərinin müraciətləri ilə başladığını bəyan edib:

“Hansı partiya olur-olsun, nümayəndələrin və üzvlərin iradəsinin maraq, təzyiq və ya yönləndirmə ilə pozulması qəbuledilməzdir”.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki